Sülh müqaviləsi masada – “Putin görüşə əliboş gəlməyəcək”
“Azərbaycanla Ermənistan arasında nəzərdə tutulan sülh müqaviləsinin Brüssel, Paris, Vaşinqton və Moskva variantları arasında fərqlər var”.
Bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert sülh müqaviləsinin imzalanması prosesindəki son gəlişmələrə diqqət çəkib:
“Bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir. Fransa və İranın prosesə son müdaxilə cəhdlərini nəzərə alsaq, Paşinyan görüşə gicəllənən başı ilə gələcək. Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏT missiyasının və Avropa Birliyinin monitorinq qrupunun Zəngəzurda olması nəzərdən qaçmamalıdır. Fransa, İran və Ermənistan arasında gizli anlaşmanı da nəzərə aldıqda, İrəvandan sərhədin demarkasiyası və kommunikasiya xətlərinin açılması məsələlərində adekvat addımlar atacağını gözləməyə dəyməz. Demək ki, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant sülh müqaviləsidir.
Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilər. İndiki məqamda ən vacib məsələ isə Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır”.
Zaur Məmmədov Rusiyanın Ermənistan-Azərbaycan prosesi ilə bağlı yanaşmasına da toxunub:
“Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən, çox güman ki, Putin görüşə əliboş gəlməyəcək.
Onu da deyim ki, sülh müqaviləsinin Brüssel, Paris, Vaşinqton və Moskva variantları arasında fərqlər var. Azərbaycan Vaşinqtonda sənədə bir sıra korrektələr edib.
Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformada – ABŞ, Avropa Birliyi, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Belə olan halda, Ermənistanın gələcəkdə cığallıq etmək üçün əl-qolu bağlanmış olacaq”./teleqraf.com