İranın Zəngəzur dəhlizi bəhanəsi: əsas dərd başqadır

 

Ermənistanın Azərbaycanla sərhədə hərbi qüvvələrini və artilleriya qurğularını yerləşdirməsi, İran SEPAH qüvvələrinin Araz çayı vadisində genişmiqyaslı hərbi təlimləri regionda gərgin situasiyanın yaranmasından xəbər verir. Bir çox ekspertlər bu gərginliyin Cənubi Qafqaza yaxşı nələrsə vəd etmədiyi qənaətindədirlər. Düşmən Ermənistanın davranışının sülh prosesinə mənfi təsir göstərəcəyi qənaəti formalaşıb.

İranın isə hərbi təlimləri ilə yanaşı, Ermənistanla isti münasibətləri, bu ölkənin xarici işlər nazirinin İrəvan səfərində verdiyi bəyanatlar, Qafanda İran konsulluğunun tez-tələsik istifadəyə verilməsi cənub qonşumuzun Azərbaycana qərəzinin açıq şəkil aldığının göstəricisidir.

Bölgədəki vəziyyətlə bağlı sualları cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev isə pessimist deyil. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı optimizm var:

– Hazırda sülh sazişi sənədi üzərində iş gedir. Ona görə də ümid var ki, bu il ərzində nələrəsə nail olunacaq. Təbii ki, Ermənistan konstruktivlik nümayiş etdirərsə.

– Amma Ermənistan təxribatlara əl atır, hər gün sərhəddəki mövqelərimiz atəşə tutulur, Daşkəsən istiqamətində düşmən qoşunlarını cəmləşdirir…

– Ermənistanın təxribatları əvvəllər də olub, bundan sonra da olacaq. Onlar təxribatlardan əl çəkmək niyyətlərini ortaya qoymurlar. Ermənistanın Daşkəsən istiqamətində hərbi qüvvələrini cəmləşdirməsi də növbəti təxribatlar törədə biləcəyi anlamına gəlir. Məsələ burasındadır ki, Ermənistan ordusunda fərqli güclər mövcuddur. Revanşist qüvvələr var ki, onlar müəyyən təxribatlara əl atırlar. Ümumilikdə isə Ermənistan hakimiyyəti bəyan edib ki, sülh sazişinin imzalanması prosesində fəaliyyətini davam etdirəcək.

– Daha bir məqam isə İran ordusunun Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirməsidir. Eyni zamanda, ölkəmizə qarşı qeyri-rəsmi bəyanatlar səsləndirilir, İran mediasında Azərbaycan haqqında mənfi təbliğat aparılır. Bununla İran Azərbaycana hansı mesajları verir?

– İran üçün Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi böyük sarsıntı oldu. Düzdür, rəsmi şəkildə Tehrandan Bakıya zəfər münasibətilə təbrik ünvanlandı. Amma İran narahatdır. Ona görə narahatdır ki, regionda həm Türkiyə, həm də Azərbaycan güclənir, Ermənistan isə zəifləyir. Cənub qonşumuz keçirdiyi təlimlərlə Azərbaycana müəyyən müsajlar göndərmək istəyir. Məlumdur ki, Zəngəzur dəhlizi məsələsində İran narazıdır.

– Zəngəzur dəhlizi İranı niyə bu qədər narahat edir?

– Əslində İranın bu fobiyası qeyri-rasionaldır. Guya ki, Zəngəzur dəhlizi İranın Ermənistanla bağlantısını kəsəcək. Amma Tehran burada yanılır. Zəngəzur dəhlizində körpülər, tunellər də olacaq ki, bu, Ermənistanla İranın əlaqəsinin davam edəcəyi anlamına gəlir. Suverenlik də Ermənistanda qalır. Zəngəzur yolu inşa olunan zaman İranla Ermənistan arasında hansı yol varsa, o, öz yerində qalacaq. Yaxşı, sual olunur: belə halda iki dövlətin əlaqəsi necə kəsilə bilər? Hesab edirəm ki, Zəngəzur dəhlizi bəhanədir. İran Azərbaycanı güclü ölkə kimi görmək istəmir. Rəsmən münasibətlərin yaxşı olduğunu bəyan edirlər, ümumilikdə isə İran Azərbaycanın inkişafında maraqlı deyil. İran istəyirdi ki, Ermənistan daim torpaqlarımızı işğal altında saxlasın.

– Əvvəlki İran hakimiyyəti Azərbaycana qarşı belə radikal deyildi. Amma indiki hakimiyyət fərqli münasibət sərgiləyir…

– Əvvəlki Ruhani hökuməti Azərbaycana münasibətdə daha konstruktiv idi. İranla Azərbaycan arasında bir sıra iqtisadi, mədəni, siyasi əlaqələr var, iqtisadi layihələr mövcuddur. Azərbaycan hər zaman öz xoş niyyətini göstərib və bu layihələrin icrasında maraqlıdır. Rəsmi Tehran bunları nəzərə almalıdır.

İranın ətrafındakı bir çox ölkələrlə problemləri var. Yəmənlə, İsraillə problemlər, İran körfəzindəki problemlər… Bütün bunların fonunda İran özünü narahat hiss edir. İndi görünür, Qafqaz istiqamətində də narahatlıqları və narazılığı mövcuddur ki, bunu sərhədlərimizdəki hərbi təlimlərlə bildirir. Əlbəttə, hər bir ölkə ərazisinin istənilən nöqtəsində təlimlər keçə bilər və bu, onların suveren hüququdur. Amma hazırkı formada təlim keçirmək xoş niyyətdən xəbər vermir./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password