“Dost Aqropark”ın direktoru: “Zəngəzur dəhlizi açılandan sonra bu ərazi logistika baxımından daha önəmli olacaq”

 

Zəngəzur dəhlizi açılandan sonra “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi logistika baxımından daha önəmli olacaq.

Bunu “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin direktoru Mehmet Zəki Toğrul deyib.

“Tezliklə bura dəmir yolu xətti çəkiləcək. Zəngəzur dəhlizi də açılacaq. Artıq hava limanı istifadəyə verilib. Dəmiryolu çəkiləndən və Zəngəzur dəhlizi açılandan sonra bu ərazi logistika baxımından çox önəmli olacaq. Belə ki, həm xaricdən bura arpa, buğda gətirmək daha rahat olacaq, həm də aqroparkın istehsal etdiyi məhsulları ixrac etmək daha da rahatlaşacaq”, – o bildirib.

O qeyd edib ki, ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsində inzibati binalar, 5 200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib: “Kompleksə 3 500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

“Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək”.

M.Z.Toğrul bildirib ki, “ağıllı kənd təsərrüfatı” texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək: “Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon ABŞ dolları dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”.

Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı investorlar tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password