Hərbi ekspert: “İranın Rusiyaya verəcəyi “Fateh-110” və “Zolfaghar” raketləri Ukrayna üçün problem ola bilər”
“İranın Rusiyaya verəcəyi “Fateh-110” və “Zolfaghar” ballistik raketləri Ukrayna üçün böyük problemə çevrilə bilər”.
Bu sözləri hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, bu raketlər ayrıla bilən başlıqlara malikdir.
“Bu günə qədər Qərb ekspertlərinin heç biri bu raketləri vurulması ilə bağlı sınaqlar keçirməyib. Nəzəri cəhətdən raket əleyhinə sistemlər onları vurmalıdır, amma praktikada bu necə görünəcək məlum deyil. Belə başa düşürəm ki, biz bunu ancaq döyüş meydanında görə biləcəyik. Biz bu raketlərdən o zamana qədər Qərb tərəfdaşlarımız tərəfindən bizə verilməsi gözlənilən raket əleyhinə müdafiə sistemləri vasitəsilə qorunacağıq”, – deyə ekspert qeyd edib.
Eyni zamanda Jdanov bildirib ki, İran Rusiya ilə belə hərbi əməkdaşlığı davam etdirmək qərarındadır.
“Bu onu göstərir ki, nüvə sazişi İranın vecinə deyil. İran tərksilah olmaq fikrində deyil. Nüvə enerjisini digərlərinin nəzarətinə ötürmək niyyətində də deyil. O, hərbi yola üz tutur. İran qarşıdurma yolunu seçir”, – deyə ekspert vurğulayıb.
Mənbə: UNİAN