Naxçıvana yol: Göyçə gölünün qərbi, yoxsa Mehri istiqaməti?

 

Politoloq Zaur Məmmədov sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Zaur müəllim, Avropa İttifaqının missiyası artıq Ermənistandadır. Bu missiyanın tərkibinin mülki şəxslərdən ibarət olması ilə bağlı fərqli fikirlər var. Sizcə, tərkibin bu cür formalaşması nəyə əsaslanıb?

– Avropa İttifaqının xüsusi missiyasının Cənubi Qafqaza gəlməsi dünya təcrübəsində ilklərdən olan bir hadisədir. Xüsusi missiyanın mülki missiya adlanmasının səbəbi ondan ibarətdir ki, Ermənistan və Fransa Rusiya və İranı daha az narahat etmək istədilər. Onlar başa düşmək istədilər ki, əgər burada hansısa bir hərbi missiyadan söhbət gedəcəksə, Tehran və Moskva qəti şəkildə Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsinə imkan verməyəcəklər.

– Erməni təxribatlarını dayandırmaq üçün bu cür monitorinq qruplarının təsir imkanlarını necə dəyərləndirmək olar?

– Əslində özü-özlüyündə Aİ-nın xüsusi missiyasının mülki şəxslərdən ibarət olması sual altındadır. Çünki mülki şəxslər burada hansı təcrübə ilə Azərbaycan-Ermənistan arasında təxribatın qarşısının alınması ilə məşğul olacaqlar? Onların hazırda qeyd edilən 40 nəfər sayı da bütün sərhəd boyunca monitorinq aparmaq üçün yetərli deyil. Burada əsas hədəf kimi xüsusi missiyanın kəşfiyyat məlumatları əldə etməsidir. Bu da İran və Rusiya ilə bağlıdır. Ona görə də, yaxşı olardı ki, bu məsələyə bəzi qonşu dövlətlər ciddi yanaşsın.

– Aİ-nin xüsusi missiyası kimlərdən ibarətdir, burada daha çox hansı ölkə təmsil olunur və əsas hədəf nədən ibarətdir?

– Bəli, biz bu ehtimalları da düşünməliyik. Ola bilsin ki, iki ayın nəticəsi olaraq onlar Azərbaycanla bağlı qərəzli bir hesabat hazırlasınlar. Beləliklə öz missiyalarının vaxtını uzatmağa çalışsınlar. Eyni zamanda təxribat bəhanəsi ilə Ermənistanın yanında olduqlarını nümayiş etdirsinlər. Təəccüblü deyil ki, Ermənistan tərəfinin təxribatı fonunda Aİ-nin missiyası bunun günahını ordumuzun üzərinə ata, Azərbaycanla bağlı qərəzli bir hesabat hazırlaya bilərlər. Bu, olduqca pis ssenaridir. Amma Aİ-nin xüsusi missiyası da başa düşməlidir ki, onların cəfəng xarakterli hesabatları Azərbaycan üçün kağız parçasından ibarət olacaq. Biz öz hədəfimizə mütləq şəkildə çatacağıq.

– Nikol Paşinyanın Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açılmasını Zəngəzur dəhlizi ilə əlaqələndirmək nə dərəcədə məntiqlidir?

– Əslində bu, Ermənistan tərəfindən verilən gülünc bir açıqlama idi. Çünki Paşinyanın dediyi həmin o 3 keçid məntəqəsindən ikisi Qazax-Tovuz istiqamətinə düşür. Göyçə gölünün Qərb istiqaməti ilə Naxçıvana getməkdənsə, ən optimal yol məhz Zəngəzur vasitəsi ilə Naxçıvana keçidi əldə etməkdir. Paşinyanın Zəngəzur dəhlizi olduğu halda şimal-qərb istiqamətindəki keçid məntəqlərinin adlarını açıqlaması əslində beynəlxalq ictimaiyyətə qarşı açıq hörmətsizlik idi. 3-cü keçid məntəqəsinin Kəlbəcər-Zod istiqamətini göstərməsi də gülüncdür. Keçmiş SSRİ-i dövründə belə Kəlbəcər-Zod tranzit marşurutu kimi çox nadir hallarda istifadə edilirdi. Burada əsas yolların hansı olduğunu hər kəs bilir. Bu, Qarakislə və Mehri istiqamətindədir./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password