Bayden Pakistanı hədəf götürdü – Səbəb
ABŞ Prezidenti Co Bayden Demokratlar Partiyasının oktyabrın 13-də keçirilən toplantısında Pakistan barədə sərt açıqlama verib. Ağ Ev sahibi deyib ki, Pakistan dünyada ən qorxulu dövlətlərdən sayılır. Bayden bunu onunla izah edib ki, Pakistanın malik olduğu nüvə silahı dünya üçün guya təhlükə yaradır.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq qeyd edib ki, Bayden Pakistanın nüvə silahı texnologiyalarını ABŞ-a düşmən olan ölkələrlə bölüşə biləcəyini ehtimal edir:
“Halbuki, belə bir fakt yoxdur. Nüvə silahına malik olan dövlətlər qonşuluqlarında nüvə silahı olan ölkələrin olmasını istəmirlər. Misal üçün İran nüvə silahını əldə etmək üçün Pakistandan dəstək istəyə bilərdi. Ancaq bu, Pakistanın təhlükəsizlik maraqlarına cavab vermir”.
Politoloq xatırladıb ki, Baydenin açıqlaması Pakistanın siyasi dairələrində böyük etiraza səbəb olub:
“Bu açıqlamadan dərhal sonra ABŞ-ın İslamaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağrılıb və ona Baydenin açıqlamasına aydınlıq gətirilməsi tələb edilib. Pakistan cəmiyyətində əvvəl də antiamerika əhval-ruhiyyəsi mövcud idi, Baydenin açıqlaması bu münasibətləri daha da gərginləşdirdi.
Soyuq müharibə illərində Pakistan ABŞ-ın müttəfiqi idi. SSRİ 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdə ABŞ Pakistanla birgə bu müdaxiləyə qarşı mübarizə aparır, əfqan mücahidələri silahlandırırdı. Soyuq müharibə bitdikdən sonra ittifaqa ehtiyac azaldı. Bundan başqa ABŞ-ın radikal islamçı qruplarla mübarizəsi başladı. Vaşinqtonda hesab edirlər ki, həmin islamçı qruplar Pakistanda dəstəyə malikdirlər.
Əslində Vaşinqtonun xarici və təhlükəsizlik siyasətindəki yanlışlıqlar Pakistanı başqa tərəfdaşlar axtarmağa məcbur edib. Bunun nəticəsidir ki, Pakistan Çinlə sıx tərəfdaşlıq münasibətləri qurub, iki ölkə müttəfiqdir, Rusiya və Çinin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. İslamabadın bu siyasəti Vaşinqtonun xoşuna gəlmir və Bayden nüvə silahını bəhanə edərək Pakistanın siyasətindən narazılıq edir. Necə ki, Vaşinqton yanlış siyasəti nəticəsində Türkiyəni özündən uzaqlaşdırıb, keçmiş tərəfdaşdan bölgədəki rəbiqinə çevirib, eləcə də Baydenin son açıqlaması Pakistanı ABŞ-dan uzaqlaşdıracaq”./axar.az