İran ikinci Azərbaycan-Ermənistan münaqişəsini yaratmağa çalışır? – AÇIQLAMA
“Dörd həftədən çoxdur İranda etirazlar davam edir. Bu etirazların böyük diqqət çəkməsinin bir səbəbi də odur ki, nümayişçilər daha çox qadınlardır. Çünki İranda hicab olmasa, bayıra çıxa bilmirsən, hətta hicabın olsa belə, əgər onların istədiyi tip örpək deyilsə, bu, yenə problem olur. 43 ildir vəziyyət belədir, sadəcə indi yeni nəsil internet, peyk vasitəsilə öz haqları ilə tanış olduğu üçün anaları və nənələri kimi davranmırlar, hökumətin qadağalarına baş qaldırırlar”.
Bu sözləri açıqlamasında İrandakı Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani deyib.
O, İrandakı mövcud problemin təkcə qadın haqlarıyla bağlı olmadığını da diqqətə çatdırıb:
“İranın əsas problemləri ABŞ sanksiyalar tətbiq etdikdən sonra başlayıb. Çünki həmin sanksiyalar yoxsulluğa, iqtisadi vəziyyətin çətinliyinə, insanların evinə çörək apara bilməməsinə, ailələrin dağılmasına, boşanmaların artmasına səbəb olub. Hazırkı etirazları tətikləyən əsas faktor iqtisadi vəziyyətdir. Bu gün gənclər dünyada gedən prosesləri izləyib geri qaldıqlarını görürlər”.
Müsahibimiz hesab edir ki, etirazlar hələ bir müddət davam edəcək:
“Çünki onun sırf bir rəhbəri yoxdur ki, onu həbs etməklə hərəkatı dayandırsınlar. Etirazları yağış damcılarına bənzədirəm, müxtəlif yerlərə düşür və orada yayılır, ətrafında dalğa formalaşdırır. Ona görə də İran rejimi çətinliklərlə üzləşib.
Bir şey də nəzərə çarpır ki, kürdlər istisna olmaqla digər qeyri-fars qüvvələr birinci həftə etirazlara qoşulsalar da, artıq qoşulmurlar. Doğrudur, onlar arasında da həbs olunanlar, öldürülənlər var, amma ümumilikdə İranın mərkəz hissələrində və kürdlərin yaşadığı bölgələrdə etirazlar daha böyük həcmdədir. Bunun səbəbi isə cənubi azərbaycanlıların fars mediası, fars dövlətinin verdiyi vədlərə inanmaqda çətinlik çəkməsidir. Fars və qeyri-fars millətlər arasında hündür bir güvənsizlik divarı hörülüb. Təbrizlilər Tehranın gətirəcəyi yeni demokratik dövlətə güvənmirlər. Çünki son 43 ildə azərbaycanlılar dəfələrlə küçələrə tökülüb öz haqlarını istəyiblər, ancaq heç kim onlara dəstək olmayıb, əksinə fars aydınları etirazı basdırmağa və separatizmə, millətçiliyə yozmağa çalışıb. İnsanların beynində bu qalır. Ancaq yenə də etirazların ilk həftəsində onlar da qatıldılar. Deyilənə görə, hazırda 1700 nəfər məhkum var, bu da göstərir ki, hərəkata qoşulmaq istəyənlər var”.
Aslan Sultani Azərbaycan Mərkəz Partiyasının sözçüsü olaraq Azərbaycan türklərini də bu mitinqlərdə iştirak etməyə səslədiklərini vurğulayıb:
“Çünki öz milli haqlarımızı da burada səsləndiririk. Əsas şüarımız “Azadlıq! Ədalət! Milli hökumət!”dir. Ancaq fars mediası və İranmeyilli media bizim bu şüarları o qədər də xoşlamır. Ona görə də bəzən bizi senzuraya məruz qoyub istəklərimizi çatdırmırlar. Bu da azərbaycanlıların həmin hadisələrdən uzaq gəzməsinə səbəb olur, belə olanda isə bizimkilər məsələyə şübhəli baxırlar”.
Həmsöhbətimiz qeyd edib ki, indiki vəziyyətdə hərəkatın İslam Respublikasını devirməyə gücü yoxdur:
“Əgər İran rejimi böyük – 20 Yanvar həcmində bir qətliama getməsə, insanları küçədə açıq-aydın qırmasa, düşünmürəm ki, mitinqlər rejimin devrilməsinə gətirib çıxarsın. İkinci mühüm məsələ neft sahəsində çalışanların, dövlətə bağlı qurumların işdən əl çəkməsi və tətilə getməsidir ki, bu, İran rejimini daha da pis vəziyyətə salar. Xüsusilə neft sektorunun İranın iqtisadi vəziyyətində böyük rolu var. Onlar tətilə getməsə, İran rejimi çox da çətinliklə üzləşməyəcək. Amma artıq rejim keçmişdəki kimi də olmayacaq, hörmətini xalq arasında itirib, yeni nəsil onu dəstəkləmir. Biz əvvəldən rejimin dəyişməsini istəyirik, amma əsas şərt budur ki, Azərbaycan türklərinin haqları bərpa olunsun, ən azı İran daxilində federal bir Azərbaycan əyaləti qurulsun ki, öz müqəddəratını özü həll etsin.
Bu gün İrandakı kürdlərin arxasında böyük güclər dayanır. Almaniya İran kürdlərinə yardım edəcəyini elan edib, bu tendensiya digər ölkələr arasında da yayıla bilər. Güney Azərbaycan türklərinin taleyi ilə bağlı bəzi narahatlıqlar var. Azərbaycan və Türkiyə türklərini bu məsələdə Cənubi Azərbaycan türklərinin yanında olmağa çağırırıq. Əminik ki, yanımızda olacaqlar. Əgər Azərbaycan-Ermənistan münaqişəsi kimi hansısa xoşagəlməz hadisənin yaranması istənilirsə, buna əngəl olmaq lazımdır, Cənubi Azərbaycanda belə bir vəziyyətin yaradılmasına imkan və şərait, təəssüf ki, var”./oxu.az