Eldar Yunusov bağça korrupsiyasından canını necə qurtardı?

 

Məlum olduğu kimi 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. İcra hakimiyyətləri isə bu fürsətdən istifadə edərək son illər məktəbəqədər təhsil müəssisələrini açıq bazara çevirdi.  Prezident İlham Əliyevin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) təkrar Təhsil Nazirliyinin tabeliyinə verildi.

Bölgələrdə, bir çox rayonlarda adı olub, bir uşağın belə ayaq açmadığı uşaq bağçalarının ərzaqla təminatına, təmirinə yüz minlərlə dövlət vəsaitlərinin mənimsənildiyi bu gün heç kimə sirr deyil. Bunu həbs olunan icra başçılarının barəsində açılmış cinayət işləri də təsdiq edir. Yəni rayonlarda uşaq bağçalarının bərbad vəziyyəti hamıya məlumdur. Burada maraqlı bir sual yaranır. Bakı şəhərindəki uşaq bağçalarının 10 il ərzində İcra Hakimiyyətinin tərkibində olması nəyi dəyişdi?

Qeyd edək ki, 2011-ci ildə Bakı şəhərindəki uşaq bağçaları İcra Hakimiyyətinə verildikdən sonra bəzi hallarda özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb oldu, bağçalarda təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Bu müddət ərzində bağçalarda təşkilatçılıq və təzcihat işlərinin aparılmasında İcra Hakimiyyətinin heç də müsbət rolu olmadı. Əksinə zaman-zaman bağçalarda uşaqların təlim-tərbiyə işinin düzgün təşkil olunmadığı, orada qidalanması, gigenik-sanitar qaydaların və təzcihatın, normal olmadığı üzə çıxdı.

Bu son 10 ildə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmış Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi isə uşaq bağçaları və uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin böyük əksəriyyəti təyinatından kənarlaşdırdı. Məsələn son 10 ildə  Bakı şəhərində fəaliyyət göstərən 348 dövlət məktəbəqədər təhsil müəssisələrinə, körpələr evi- uşaq bağçaları və uşaq evləri üçün dəftərxana və təsərrüfat mallarına, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərində kommunal kommunikasiya xətlərinin təmirinə, uşaq bağçaları və uşaq evlərində tikililərin cari və əsaslı təmirinə, abadlıq işlərinin aparılmasına, körpələr evi-uşaq bağçaları,uşaq bağçaları üçün yanğınsöndürən balonların doldurulmasına, müxtəlif tədbirlər üçün müxtəlif növ kostyumların alınmasına, uşaq bağçaları və uşaq evlərində maşın və avadanlıqların alınmasına, uşaq bağçaları və uşaq evlərində mebel və avadanlıqların alınmasına, yataq ləvazimatları və müxtəlif növ geyimlərin alınmasına, uşaq bağçaları və uşaq evləri üçün əyani vəsaitlərin, mətbəx ləvazimatları və digər malların alınmasına, bərk inventarın, yumşaq inventarların alınmasına, digər alış və xidmətlərə görə hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Lakin göründüyü kimi bağçalarda vəziyyət heç də ürəkaçan olmayıb və daim vətəndaşların narazılığı özünü göstərib.

Dövlət bağçalarındakı mövcud problemlərin yaranma səbəblərinin bu gün haradan qaynaqlandığını,bağçalara ayrılan dövlət vəsaitlərinin müxtəlif vəzifəli şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı olduğunu ortaya çıxarır. Bu müxtəlif vəzifəli şəxslər kimlərdir?

Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov və onun kadrı, vaxtı ilə Təhsil Nazirliyində iqtisadçı işləmiş, sonradan Bakı şəhər İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri olmuş Eldar Yunusov.  Hansı ki, Hacıbala Abutalıbov bu şəxsi 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılan Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsinin rəisi təyin etdi. Eldar Yunusov isə bu fürsətdən istifadə edərək Bakı şəhərində fəaliyyətdə olan uşaq bağçaları və uşaq evlərinə olmazın zərbə vurdu. Belə ki, dövlət büdcəsindən uşaq bağçalarının saxlanılması, uşaq bağçaları və uşaq evlərində mebel və avadanlıqların alınması, yataq ləvazimatları, uşaq evlərinə elektrik avadanlıqları üçün mühərriklərin satınalınması, uşaq evlərində elekrik avadanlıqlarının təmirinin satın alınması, tədbirlər üçün müxtəlif növ kostyumların satınalınması, uşaq bağçaları və uşaq evlərində tikililərin cari və əsaslı təmiri, abadlıq işlərinin, kommunal kommunikasiya xərcləri kimi işlərə ayrılan vəsaitlərin böyük əksəriyyəti təyinatından kənarlaşdırılıb. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız təqribi hesablamalara görə Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq Evləri İdarəsi təkcə 2020-ci ildə yuxarıda sadalanan xidmətlər üçün 40 milyon manatdan çox vəsait ayırıb. Maraqlıdır son 10 ilədə bu məqsədlərlə nə qədər büdcə vəsaiti ayrılıb. 2020-ci ilə ayrılmış vəsaitlə götürsək son on ildə Bakı şəhərində uşaq bağçalarına 400 milyon manata yaxın vəsait ayrılıb. Biz hələ məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatına ayrılan vəsaitləri buraya əlavə etməmişik.

Onu əlavə edə bilərik ki, 2018-ci ilin noyabr ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan az sonra Eldar Əzizov məktəbəqədər təhsil müəssisələrində yoxlamalar aparılmasına göstəriş vermişdi və bir sıra uşaq evi,uşaq bağçalarında standartlara uyğun olmayan ərzaqların verildiyi aşkar olunmuşdu. Bununla bağlı keçirdiyi müşavirədə Eldar Əzizov Bakı Şəhər Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin rəhbərliyinə, yəni Eldar Yunusova ciddi xəbərdarlıq etmişdi. Bəs Eldar Əzizov sabiq başçının bir çox kadrlarını vəzifələrindən kənarlaşdırdığı kimi, Eldar Yunusovu nə üçün Uşaq Evləri İdarəsinin müdiri vəzifəsindən çıxara bilmədi? Əldə etdiyimiz məlumatlara görə Eldar Əzizov hələ də Eldar Yunusovun bu vəzifə başında durması üçün əmr verməyib. Bəs Eldar Yunusov tutduğu vəzifəni hansı əsaslarla icra edir?

Əldə etdiyimiz məlumatlara görə Eldar Yunusov son 10 ildə təkcə dövlət büdcəsini talamayab. Burada bağçalara uşaqların qəbulundan tutmuş, adı bir xadimənin işə qəbuluna qədər hər şey rüşvətlə həll olunub. Bundan başqa hər ay uşaqların valideynlərindən hər bağçanın müəyyən etdiyi pullar da var ki, müəyyən faizi Eldar Yunusova çatıb. Bir sözlə, Eldar Yunusovun paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlərə malik olması, onun məmur fəaliyyətindən daha çox uşaq bağçalarından toplanan pullar əsasında bizneslə məşğul olduğunu deməyə əsas verir.

Məlum olduğu kimi uşaq bağçalarının Bakı şəhər İcra Hakimiyyətindən alınar Təhsil Nazirliyinin  tabeliyinə verilməsi ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrinin demək olar ki. əksəriyyətində ciddi yoxlamalar aparıldı. Yol verdiyi ciddi nöqsanlara görə bir çox uşaq bağçalarının müdirləri vəzifələrindən kənarlaşdırıldı. Bəs bütün bu nöqsanların başında duran Eldar Yunusovdan nə üçün hesab sorulmadı? Bakı şəhərində fəaliyyət göstərən  məktəbəqədər təhsil müəssisələrini bürümüş korrupsiya hallarından Eldar Yunusov canını necə qurtara bildi. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onunla bacara bilmədi, yoxsa…

Qeyd etdiyimiz kimi son 10 ildə Eldar Yunusov bağçalardan əldə etdiyi gəlirlər hesabına bir klan sahibinə çevrilmişdi. Ona bu işlərdə kimlər yardımçı olub. Bununla bağlı əldə etiyimiz məlumatlara növbəti yazıların birində qayıdacağıq. Bir versiya daha var. Ola bilsin ki, son 10 ildə uşaq bağçalarından topladıqları Eldar Yunusovun əlindən alınıb. Elə ona görə də azadlıqdadı.

 

Aktuaılinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password