Azərbaycan Prezidenti ABŞ və Fransa hökumətlərini məsuliyyətli olmağa çağırıb

 

“Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq”.

Bunu Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib:

“Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı”.

“Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.

Deməliyəm ki, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da – Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı – metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub”, – dövlət başçısı bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password