“Yod sizi qorumayacaq, rahat yaşayın…” – Tibb proferssoru apteklərdə yod axtaran vətəndaşlara səsləndi
“İnsanı şüalanmadan müəyyən faiz nisbətində qoruyan maddə, yod deyil, radioprotektorlardır. Bu qrupa əsasən, Meksamin, Sistamin, Qammafos tiazol, B-190 (İndralin) və s. kimi preparatlar aiddir. Hazırda istifadə sahələri, əsasən onkologiya (radioterapiya kursu zamanı) praktikasıdır. Onlar həmçinin, radioaktiv fəlakətlər zamanı profilaktik işlər aparan şəxslərə padioaktiv mühitə düşməmişdən öncə də təyin edilir. Nüvə fəlakəti baş verdikdən sonra, onların qəbulu əməli əhəmiyyət kəsb etmir. Odur ki, bu preparatları ümumiyyətlə axtarmaq lazım deyil. Onlayn satışları haqqında hazırda rast gəlinən elanlar isə, yalnız mövcud şəraitdən istifadə etməyə, yəni kommersiya maraqlarına xidmət edir”.
Bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev bəzi insanların Rusiyanın Ukraynaya qarşı nüvə silahı təbiq edəcəyi ehtimalından qorxaraq kütləvi yod almasına münasibət bildirərkən deyib.
M.Qəniyev daha sonra deyib: “Bir düşünün, nüvə silahından istifadə zamanı radioaktiv yod, ayrılan öldürücü, silsilə izotoplardan yalnız biridir və yarımparçalanma dövrü cəmi 8 gündür. Radioaktiv yoddan daha aktiv olan stronsium, sezium-137 və çoxsaylı digər izotoplardır ki, onlardan təkcə sezium-137-nin yarımparçalanma dövrü düz 30 ildir.
Digər tərəfdən, radioaktiv yod izomeri əsasən atom elektrik stansiyalarında partlayışlar olan zamanı atmosferə atılır. Müasir taktiki nüvə silahları radioaktiv yod izotopu saxlamır. Belə olduqda, kiminsə təbliğatına uyub, yod və yod preparatlarını alıb, evinizə doldurmağın, stress, ruhu sarsıntı, depressiya və xəstəliyə düşməyin mənası nədir?”
Professorun sözlərinə görə, xüsusən yaşa dolmuş insanlar, daha çox nüvə silahından istifadənin gələcəkdə bəd xassəli şiş – karsinoma törətməsindən qorxur. “Bildirirəm ki, radioaktiv şüalanmanın tətikləyən dozada karsinoma törətmə riskinin latent dövrü çox uzundur. Odur ki, belə bir ehtimal olsa belə, 40+ yaş qrupu üzərində olanlar üçün, bunun heç bir qorxusu yoxdur. Rahat, xoşbəxt yaşayın. Çalışın, bu amansız dünyada az da olsa, insanlara əzab verən təbliğat və mənasız qayğılardan uzad olasız”, – tibb elmləri doktoru tövsiyələrini bölüşüb. /azpolitika.info