Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkinlərin bəyanı ilə bağlı müraciət edib
Əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı dekabrın 30-dək başa çatmalıdır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində deyilir.
Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Fermerlər bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.
Əgər bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib “Müraciət et” düyməsinə sıxmadan fermerlər 30 dekabra qədər bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.
Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb aparılmadığını izləyə, problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.
Əkinlərini vaxtında bəyan etməyən və ya yanlış bəyan edən fermerlərə əkin subsidiyası ödənilməyəcək.
Qeyd edək ki, bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradır. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.