İlham Əliyev Astanada AQEM-in sammitində çıxış edib
Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Əvvəlcə plenar iclasın gündəliyi qəbul edilib.
Sonra Küveytə AQEM-ə üzv dövlət statusu verilib. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşulub.
AQEM-in sədri olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək 5-ci Zirvə Toplantısından ötən dövrdə görülən işlər barədə məlumat verib.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iclas iştirakçılarına videomüraciəti nümayiş olunub.
Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasda çıxış edib.
Heblə, digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Plenar iclasda AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olunub.
Növbəti iki ildə – 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcək.
Sonda Astana bəyannaməsi və digər sənədlər qəbul edilib.
Qeyd edək ki, əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib. Zirvə Toplantısında 11 dövlət başçısı – Azərbaycan, Türkiyə, Rusiya, İran, Özbəkistan, Qırğızıstan, İraq, Fələstin, Tacikistan prezidentləri, Qətər Əmiri, eləcə də Vyetnamın vitse-prezidenti, Çin Xalq Respublikası Sədrinin müavini və beş nazir, həmçinin AQEM-in dövlət müşahidəçisi olan Belarus Prezidenti iştirak ediblər.