Parisin xain planı: Bakı Fransanın vasitəçiliyindən imtina etməlidir
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması şərtlərinin formalaşması istiqamətində iki cəbhədə iş aparılır: biri Rusiya, digəri Qərb;
44 günlük müharibədən sonra Qərb cəbhəsinin aktivliyi də yalnız Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin timsalında ön plana çıxdı. Ötən ilin dekabr ayından başlayaraq, Mişelin aktiv vasitəçiliyi ilə qurulan Brüssel masasında Bakı-İrəvan xəttində ciddi irəliləyişlərə nail olunub:
– Sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması;
– Xarici işlər nazirləri arasında birbaşa təmasın qurulması;
– Sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s;
Brüssel formatının inkişaf etdiyi vaxt Fransa “çağırılmamış qonaq” kimi peyda oldu və son proseslər göstərir ki, Yelisey sarayı Şarl Mişelin formalaşdırdığı formatı ələ keçirməyə, Aİ-nin qurduğu masada təşəbbüsü mənimsəməyə çalışır.
Fransanın məqsədi bəllidir:
Birincisi, Aİ-yə hazırda rəhbərlik edən ölkə kimi ön plana çıxamaq;
İkincisi, rəsmi Brüsselin hazırladığı formatı ələ keçirməklə Cənubi Qafqazda bu yolla təsir gücünü artırmaq;
Üçüncüsü, geosiyasi proseslərdə aparıcı oyunçu olmaq imkanları əldə etmək;
Dördüncüsü və ən əsası, Ermənistanın maraqlarını müdafiə etmək;
Müharibədən sonra Ermənistan Fransaya əsas ümid yeri olaraq baxır. Praqada keçirilən dördtərəfli görüş bunu daha aydın şəkildə göstərdi. Rəsmi İrəvan Fransanın görüşdə iştirakına görə öz maraqlarının müdafiə olunacağını və istəyinə nail olacağını hesab edirdi. Görüşün iki hissədən ibarət olmaqla 5 saat davam etməsinə də Fransanın erməni maraqlarını qorumağa çalışmasının nəticəsi kimi baxmaq olar.
1. Sərhədə gələcək mülki missiyanın Azərbaycan ərazisində də yerləşməsini istəyirdilər;
2. Kommunikasiyanın açılması məsələsini Ermənistanın maraqları kontekstində qəbul etdirməyə çalışırdılar;
3. Qarabağdakı ermənilərin “statusu”na zəmin yaradacaq məsələləri önə çıxarmağa çalışırdılar;
Hərçənd, görüşün yekun bəyannaməsi təsdiqlədi ki, Azərbaycan lideri İlham Əliyev bütün bu oyunların qarşısını almağı bacardı:
– Mülki missiyanın Azərbaycan ərazisinə daxil olmasına imkan vermədi;
– Qarabağ məsələsini daxili işimiz olaraq ümumiyyətlə müzakirə edilməsinə qoymadı;
– Kommunikasiyanın açılması məsələsini müzakirədən çıxardı və bununla Zəngəzur dəhlizini 10 noyabr razılaşmasına uyğun aktuallığını saxladı;
Fransa və Ermənistanın planı baş tutmadı, lakin Paris-İrəvan ikilisinin oyunlarına davam etdiyi də bəllidir. Fransa Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyi ələ almaqla ermənilərin maraqlarını qorumaq niyyətindədir.
Və aydın görünür ki, Fransa Azərbaycana qarşı sui-qəsd planları qurur.
– Sərhədin Ermənistanın maraqlarına uyğun müəyyən edilməsinə çalışır;
– Zəngəzur dəhlizinin İrəvanın istədiyi “yol məntiqi” ilə açılmasını dəstəkləyir;
– Qarabağda yaşayan etnik ermənilərin qondarma “öz müqəddəratını təyin etmə” məsələsini aktuallaşdırmağı planlaşdırır;
Azərbaycan maraqlarının əleyhinə olan bu proseslər fonunda sual yaranır: Azərbaycan hakimiyyəti Fransanın iştirakı ilə keçirilən görüşlərdə niyə iştirak edir?!
Bu ölkə keçmiş Minsk qrupunun həmsədri olduğu 30 ilə yaxın müddətdə Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edib. 44 günlük Vətən müharibəsində Makron Ermənistanı müdafiə etmək üçün əlindən gələni etdi. Müharibədən sonra Azərbaycanın suverenliyinə qarşı olan “status” iddiasını ən çox dilə gətirən ölkədir. Və hazırda Bakı-İrəvan münasibətlərinin qurulmasında, sülh sazişinin imzalanmasında təşəbbüsü ələ almaqla Azərbaycanın maraqlarına qarşı planlar qurur.
Bütün bunları – münaqişənin mövcud olduğu 30 ilə yaxın dövrdə, 44 günlük müharibə zamanı və sonrasında Fransanın etdiklərini Azərbaycan xalqı unutmayıb. Və bu ölkəyə, onun vasitəçilik oyunlarına inanmır, inanmayacaq da.
Bu baxımdan, rəsmi Bakı Fransanın iştirak etdiyi görüşlərdən də, bu ölkənin “vasitəçilik təklif”lərindən də birmənalı şəkildə imtina etməlidir. Erməni lobbisinin təsirində olan və 30 ildir Azərbaycana qarşı açıq oyunlar oynayan Fransadan nə bizə, nə bölgəyə, nə də sülhə heç bir xeyir gəlməyəcək.
Asif Nərimanlı