Krım körpüsündə partlayışda ölənlər var – Yük maşınının partlama anı – VİDEO

 

Krım körpüsündə törədilən partlayışda, ilkin məlumata görə, üç nəfər ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hazırda sudan iki nəfərin – qadın və kişinin – meyitləri çıxarılıb, şəxsiyyətləri müəyyənləşdirilir.

Körpüdə partladıldığı deyilən yük maşını və sahibi də müəyyən olunub. Qeyd olunur ki, avtomobil Krasnodar diyarının vətəndaşı olan Boris Yusubovun adına olub. Onun yaşadığı yer üzrə araşdırmalara başlanılıb. Məlum olub ki, həmin adam avtomobili satıb, yeni sahibi isə onu sənədləşdirməyib.

Yük avtomobilinin marşrutu və müvafiq sənədləri də tədqiq olunur. Yol polisindən bildirilib ki, yoxlanışdan keçərkən avtomobilin sürücüsü sakit olub, ancaq maşın rentgendən keçirilməyib.

 

Rusiya KİV-in məlumatına görə, helikopterlər körpünün konstruksiyasının üzərinə su çiləyirlər. Həmçinin qeyd olunur ki, hava şəraiti səbəbindən Krımda, Kerç boğazında bərələrin işləməsi mümkün deyil.

Rusiyaya ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, yanğın söndürülən kimi ziyanın həcmini müəyyənləşdirmək mümkün olacaq:

“Krasnodardan Kerçə gedən avtomobil yolunun iki tağı uçub. Kerçdən Tamana gedən avtomobil yolu salamatdır. Yanğın söndürülən kimi körpüyə və dayaqlara dəyən ziyanın həcmi müəyyənləşdiriləcək və ancaq bundan sonra hərəkətin nə zaman bərpa olunacağından danışmaq mümkündür”.

Vladimir Putinin sözçüsü Dmitri Peskov isə Krım körpüsünün hansı müddətdə bərpa ediləcəyi barədə proqnozların hələ ki olmadığını açıqlayıb.

 

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin baş verənlərlə əlaqədar Rusiyanın Baş naziri Mixail Mişustindən, baş nazirin müavini Marat Xusnullindən, fövqəladə hallar naziri Aleksandr Kurenkovdan və nəqliyyat naziri Vitali Savelyevdən, habelə hüquq-mühafizə orqanlarının rəhbərlərindən məlumat alıb.

“Prezident baş nazirə hadisənin səbəblərinin araşdırılması və nəticələrinin tezliklə aradan qaldırılması üçün hökumət komissiyasının yaradılmasını tapşırıb. Dövlət başçısının tapşırığı ilə nazirlər Savelyev və Kurenkov hadisə yerinə yola düşüblər”, – deyə Peskov bildirib.

Mənbə: İnterfaks

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password