Kremlin başı qarışıb, AB İrəvanda aktivləşib – Rus ekspert

 

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında əsas moderator olmağa çalışır.

Bu barədə rusiyalı politoloq Sergey Markedonov AB mülki missiyasının Ermənistana göndərilməsi ilə bağlı razılaşmanı erməni mediasına şərh edərkən deyib.

“Bu, mənə Gürcüstandakı Avropa monitorinq missiyasını xatırladır. O, 2008-ci ilin payızında 5 günlük müharibədən sonra meydana çıxdı, mümkün insidentlərin monitorinqi ilə məşğul idi. Planlaşdırılırdı ki, o, Cənubi Osetiyada da fəaliyyət göstərəcək, amma Rusiya razılıq vermədi”, – Markedonov bildirib.

Onun sözlərinə görə, indi regionda “sülhməramlı yarışması” var. Əgər bu vaxta qədər Rusiya sülh prosesində aparıcı və hətta eksklüziv moderator kimi qəbul edilirdisə, bu gün AB fəallaşıb:

“Sonra Qarabağdakı Rusiya sülhməramlıları ilə sərhəddəki müşahidəçilər missiyasının labüd müqayisəsi olacaq. AB Rusiyanın Ukraynada vəziyyətə kökləndiyi, “əlinin Qafqaza çatmadığı” vaxtda əsas moderator missiyasını ələ keçirməyə çalışır”.

Onun sözlərinə görə, bütün bunlar ABŞ diplomatiyasının aktivləşməsi fonunda baş verir.

Eksert həmçinin əlavə edib ki, Rusiyanın iştirakı olmadan regionda problemləri həll etmək çox çətindir:

“Nensi Pelosinin (ABŞ Nümayəndələr Palatasının sədri – red.) Ermənistana səfərindən sonrakı 2 həftə ərzində çox olaylar baş verdi – ABŞ-da dövlət katibi Entoni Blinkenin və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə görüşlər…”

Markedonov onu da vurğulayıb ki, rus sülhməramlıların yerləşdiyi ərazidə vəziyyət Rusiyanın məsuliyyətidirsə, sərhəd məsələsi – demarkasiya və delimitasiya AB üçün daha prioritet məsələyə çevrilib.

Buna baxmayaraq, rus ekspert Rusiya olmadan problemin həllinin çox çətin olacağını da bildirib:

“Rusiya bu məsələdə çox şey edib: demarkasiya və delimitasiya üzrə komissiya, məsələnin həlli mexanizmi, xəritələr və s.”

Onun sözlərinə görə, Moskva və Brüsselin gündəliyi eynidir: delimitasiya və demarkasiya, kommunikasiyaların açılması, dəhlizlərin müzakirəsi.

“Ancaq əgər dekabrdakı ilk görüşdə Mişel Putinlə razılaşmışdısa, indi sadəcə “elmi fantastika” başlayıb”.

Politoloqun fikrincə, AB Rusiyanın proseslərdən sıxışdırılmasını çox ciddi qəbul edib. Missiya (mülki missiya nəzərdə tutulur – red.) oktyabrda gələcək və eyni ayda Brüsseldə yeni görüş baş tutacaq – bu, AB-nin sürətini azaltmaq niyyətində olmadığını göstərir.

O, AB missiyasının hansısa insidentin qarşısını alacaq “dəmir qalxan” olacağını düşünmədiyini də bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password