Qarabağdakı ermənilər Bakı ilə təmaslar qurmağa başlayıb… – “Hər şey daxili dialoq çərçivəsində həll olunacaq”
“Radikal şəxslər ya Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da…”
Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 2-də Cenevrədə keçirdikləri görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, “Bakı və Xankəndi arasında müzakirə mexanizminin yaradılması” da daxil olmaqla Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparıblar.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Burada söhbətin tam olaraq nədən getdiyi ciddi maraq doğurur. İrəvanın mesajından belə çıxır ki, Azərbaycan hakimiyyəti Qarabağın erməni əhalisi ilə danışıqlar aparmaq imkanını nəzərdən keçirir. Bəs danışıqlar məhz kiminlə aparılacaq?
Özəl mənbələrdən verilən məlumata görə keçmiş SSRİ dövründən Qarabağ bölgəsində yaşamış bəzi köklü erməni ailələrinin təmsilçiləri Azərbaycan hökuməti ilə təmaslar qurmağa başlayıblar. Bu təmasların davam etdirməklə bağlı razılıqlar da var.
Prezident İlham Əliyev də Praqda jurnalistlərin bu barədə sualını cavablandırarkən deyib ki, Qarabağda yaşayn ermənilər Azərbaycan vətəndaşlarıdır.
“Biz qərar veririk onlarla necə, nə zaman əlaqə quracağıq, bu, bizim daxili işimizdir”.– deyə, prezident vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev müsahibəsində bildirib ki, Ermənistan XİN-in Qarabağla bağlı açıqlamaları daxili auditoriyaya hesablanıb və xalqı sakitləşdirməyə yönəlib.
“Çünki proses Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına doğru gedir. Bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı paketdə var. Ona görə də, onlar son zamanlar Qarabağ ermənilərinin hüquqları məsələsini qaldırırlar – hansısa statusdan danışmırlar”, o qeyd edib.
F.Şəfiyevin sözlərinə görə, sadə dillə desək, Azərbaycana təbii ki, Qarabağda ermənilərlə bağlı vəziyyəti həll etmək lazımdır: “Prezident İlham Əliyev onların ayrıca statusa malik olmayacağını, lakin Azərbaycan Respublikası Konstitusiyasının müddəaları çərçivəsində bütün hüquqlarının təmin ediləcəyini bildirib. Xarici diplomatlar və ekspertlər də mənə tez-tez sual verərək, bununla nəyi nəzərdə tutduğumuzu soruşurlar. Cavab verirəm ki, Azərbaycan Konstitusiyasında etnik azlıqların hüquqlarının tam siyahısı verilib. Məsələn, dillərini inkişaf etdirmək hüququ. Məlumdur ki, rus və gürcü dillərinin tədrisi Azərbaycan Respublikası büdcəsindən maliyyələşdirilir. Təbii ki, milli kimliyin, mədəniyyətin inkişafı üçün bir çox digər imkanlar da nəzərdə tutulur. Teatrların, məktəblərin yaradılması və s. Təbii ki, bu məsələ gündəmdədir, lakin biz buna Azərbaycan Respublikasının daxili işi kimi baxacağıq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, hər şey daxili dialoq çərçivəsində həll olunacaq. Bu dialoq isə əlbəttə ki, lazımdır”.
Təhlil Mərkəzinin direktoru vurğulayıb ki, Azərbaycan Qarabağın müstəqilliyi və sair bu kimi radikal ideyaları davam etdirən Qarabağ erməniləri ilə danışmayacağı birmənalı şəkildə aydındır: “Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının əleyhinə çıxan bu tip radikal şəxslər sonda ya Azərbaycan ərazisini tərk etməli olacaqlar, ya da müəyyən hüquqi proseslər çərçivəsində onların taleyi həbslə yekunlaşacaq”.
Fərid Şəfiyev xatırladır ki, ümumilikdə, Avropa dövlətlərinin birgəyaşayış problemlərinin həlli təcrübəsi var.
“Məsələn, macar azlığının kompakt yaşadığı Slovakiya. Onların ərazi muxtariyyəti yoxdur və bu heç bir etiraza səbəb olmur. Orada və bir sıra Avropa ölkələrində milli azlıqların heç bir ərazi statusu yoxdur. Buna baxmayaraq, bütün məsələlər kifayət qədər uğurla tənzimlənir, heç bir problem barədə də eşidilmir”, – Mərkəzin rəhbəri bildirib/azpolitika.info