Ermənistan Azərbaycanı ALDADIR – Bu yalan növbəti müharibəni başladacaq
“Ötən gün Praqada İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron və Şarl Mişel arasında saatlarla davam edən danışıqlardan sonra qəbul edilən yekun bəyanat olduqca əhəmiyyətli sənəddir. Ancaq bu sənədin altında Ermənistan rəhbərinin imzası dayanırsa, bu sənəd sadəcə kağız parçasından başqa bir şey olmaya bilər”.
Bunu Milli.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri ancaq güc faktoru sayəsində yerinə yetirəcək:
“Tarix, hadisələr də onu göstərir ki, Ermənistan götürdüyü öhdəliklərə, atdığı imzaya sadiq deyil. 1991-ci ildə hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləsə də, Ermənistan 1992-ci ildə Qarabağın böyük bir hissəsini və digər rayonları işğal etdi.
Ovaxtkı deklarasiyanın altında ilk prezidentləri Levon Ter-Petrosyanın imzası dayanır. Amma Ter-Petrosyan indi orada-burada bülbül kimi oxuyur ki, güya Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar və s. İndi nə oldu?! Axı sənin dövründə bu ərazilər işğal olunmuşdu.
Digərləri – Sarkisyan, Köçəryan ümumiyyətlə quldurdurlar. Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak edən onlardır elə. Madrid prinsipləri haqqında danışanda, yaxud da ki, 20 ildən çoxdur bu prinsiplər əsasında danışılqar aparanda deyirdilər ki, bu ərazilər Azərbaycan torpaqlarıdır və onlar Azərbaycana qaytarılmalıdır.
Bəs niyə qaytarmırdılar?
Çünki onlar işğalçı mahiyyətli adamdırlar, quldurlardır. Ona görə də özləri zəbt etdikləri torpaqları qaytarmaq istəmirdilər.
Paşinyan güya indi üçtərəfli 10 noyabr bəyanatının bəndlərinə əməl edir? Yox! Yenə də o bəyanatla üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur. Yeri gəlmişkən, Nikol Paşinyan 3 il bundan qabaq demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Nə oldu bəs, indi niyə demir onu? İndi niyə bu deklarasiyanı imzalayır?
Bu, bir daha ondan xəbər verir ki, Paşinyan elə bir etibarsız adamdır ki, ona inanmaq düzgün deyil. Güc faktoru indi əsas amildir ki, bütün bu öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilsin”.