Brayza: “Ermənistan ilə Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı tanıması sülh sazişinə doğru böyük addımdır”
“Azərbaycan ilə Ermənistanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması sülh sazişinin əldə olunmasında irəliyə doğru böyük addımdır və bu, regionda dayanıqlı sülhün əsasını qoyacaq”.
Beynəlxalq ekspert, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa dövlət başçısı Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün yekunlarına dair verilən bəyanatı şərh edərkən bildirib.
“Qarabağın hüquqi statusu məsələsi Azərbaycan və Ermənistan arasında problemin ən mürəkkəb və ayrılmaz hissəsi idi. Prezident Əliyev uzun müddət ərzində Paşinyandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edirdi. Bu da mahiyyət etibarilə Qarabağın Azərbaycan ərazisi olduğunun tanınması deməkdir. Lakin Paşinyan əvvəlki rejimin və digər millətçi ermənilərin, xüsusən də ABŞ və Fransadakı erməni diasporunun böyük müqaviməti ilə üzləşib”, – o vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) bu bəyanatın qəbulunda iştirakı vacib məsələdir, çünki o, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinin irəliləməsinə kömək edə bilər: “Aİ-nin bu məsələdə iştirakının zamanı yetişib”.