Putinin nüvə blefi, yoxsa real təhlükə? – Onu dayandıran bu xəbərdarlıqdı…
Məlum olduğu kimi, Rusiyanın Ukraynada döyüş meydanındakı son məğlubiyyətləri Kremlin nüvə silahı təhdidlərini xeyli dərəcədə artırıb. Artıq şəxsən Putinin özü də bu prosesə qoşularaq, nüvə silahından istifadənin mümkünlüyünü bəyan edib.
Son günlər isə bəzi dünya KİV-ləri Rusiyanın guya Ukrayna ilə sərhədə “nüvə qatarı” göndərdiyi, eləcə də nüvə torpedoları daşıyan “Belqorod” sualtı qayığını Ağ dənizə çıxardığına dair məlumatlar yayıblar. Lakin xüsusilə də ABŞ rəsmi dairələri bu məlumatları təsdiqləmir və nüvə silahlarının yerdəyişməsilə bağlı hər hansı aktivliyin müşahidə olunmadığını bəyan edir.
Tanınmış hərbi ekspertlərdən olan Sergey Qrabski Ukrayna mətbuatına açıqlamasında Putinin nüvə təhdidlərinin blef olduğunu bildirib və “nüvə qatarı”, yaxud nüvə silahı daşıyan sualtı qayıqların hərəkətə gətirilməsi barədə deyilənlərin də yalan olduğunu qeyd edib: “Bu, birmənalı olaraq siyasi oyundur. Bu söhbətləri dayandırmaq üçün adi bir misal çəkim – Rusiya öz tarixində Rusiya Federasiyası kimi mövcudluğu dövründə bircə dəfə də olsa nüvə sınaqları keçirməyib. Ümumiyyətlə, heç vaxt! Nüvə obyektlərinin yerdəyişməsilə bağlı bütün bu söhbətlər blef kimi səslənir. Nüvə eşelonu – hansısa nağıldır. Belə “oyuncaqlar”la oynamağı hələ 1989-cu ildə, mən leytenant olanda dayandırıblar. Həmin vaxtdan sonra heç kim bununla məşğul olmayıb”.
Ekspert bildirib ki, nüvə komponentlərinin yerdəyişməsi bütün dünyada ciddi nəzarət altındadır: “Həta taktiki nüvə mərmilərinin belə yerdəyişməsinə 24 saat ərzində nəzarət edilir və istənilən aktivliyə rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə reaksiya verilir. “The Times”-ı, yaxud İtaliya mətbuatını oxuya bilərsiniz. Lakin mən xüsusilə Vaşinqtondakı rəsmi mənbələrə inanıram. Hansı ki, onlar dəfələrlə xüsusi olaraq nüvə silahının tətbiqilə bağlı hər hansı hərəkətlilik müşahidə etmədiklərini bəyan ediblər”.
Lakin qeyd edək ki, Putinin nüvə təhdidlərini ciddi qəbul edənlər və bunu şantaj kimi dəyərləndirənlər də var. Məsələn, Putinin sentyabrın 21-də səsləndirdiyi nüvə təhdidindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski bu təhdidə ciddi yanaşmağın lazım olduğunu bəyan etmişdi: “O, bütün dünyanı qorxutmaq istəyir. Bu, nüvə şantajının ilk addımlarıdır. Düşünmürəm ki, o, blef edir. Biz ona qarşı təzyiqləri davam etdirməli və daha uzağa getməsinə imkan verməməliyik…”
Ukrayna kəşfiyyatı rəhbərinin müavini Vadim Skabitski də Putinin nüvə müharibəsi variantını ciddi olaraq nəzərdən keçirdiyini deyib.
Lakin ABŞ Müdafiə naziri Loyd Ostin bu cür düşünmür və deyir ki, Putinin nüvə silahından istifadə barədə qərar verdiyinə inanmağa əsas verən heç nə görmür.
Bir sözlə, Putinin blef etdiyi, yoxsa nüvə təhdidlərində sona qədər gedib-getməyəcəyi barədə qəti mövqe yoxdur və fikirlər haçalanır.
Belə görünür ki, Putini nüvə silahının tətbiqi məsələsində durduracaq yeganə maneə şəxsən onun həyatına yarana biləcək təhlükədir.
Belə ki, bir çox ekspertlər və şərhçilər, eləcə də Qərb mətbuatı özəl məlumatlara istinadla Putinə nüvə silahından istifadə edəcəyi təqdirdə şəxsən onun özünün fiziki cəhətdən məhv ediləcəyinə dair xəbərdarlıq edildiyini bildirirlər.
Yəqin ki, onu dayandıran da məhz bu xəbərdarlıqdır. Yoxsa, onun nə Ukraynaya “ət maşını”na göndərdiyi yüz minlərlə gənc rusiyalıya, nə Ukraynada bombalanaraq, işgəncə verilərək qətlə yetirilən on minlərlə dinc ukraynalıya, nə bəşəriyyətə, nə beynəlxalq hüquqa, nə də adi humanizm prinsiplərinə məhəl qoymadığı artıq çoxdan bəllidir… /azpolitika.info