Ermənilərin daşlarını belə oğurlayıb satdıqları Ağdamın ağ günü

 

30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azad olunmuş Ağdamın ağ günləri yenidən başlayır.

Azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilən cinayətlərin, dağıntıların sayı-hesabı sonsuzdur. Lakin bütün bu xarablığa çevrilmiş ərazilər içərisində Ağdam daha çox ürək ağrıdır. Regionun mərkəzi olan Ağdam şəhəri xarabalığa çevilib. Ağdama çoxsaylı səfərlər edən xarici diplomatlar, səyyahlar və digər qonaqlar buranı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdılar. Bu da təsadüfi deyildi, çünki Ağdamda daş daş üstündə qalmayıb, ermənilər hətta xaraba qoyduqları şəhərin daşlarını da oğurlayıb satıblar.

Artıq əsl sahibləri bu torpağa qayıtdıqdan sonra Ağdamın da mənzərəsi dəyişir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır.

Azərbaycan heç kimdən yardım almadan öz gücü, öz vəsaiti hesabına erməni vəhşiliyinə məruz qalmış ərazilərimizi bərpa edir, yenidən qurur.

2 ildən az müddət ərzində Ağdamda görülən işlər:

– “Ağdam-1″ və “Ağdam-2” yarımstansiyalarının inşası artıq başa çatıb,

– Ağdam Sənaye Parkının inşası davam edir,

– Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin inşası inşası davam edir,

– Ağdam rayonunun Xıdırlı və Kəngərli, Sarıcalı kəndlərinin inşası inşası davam edir,

– Şəhərin daxili yol və kommunikasiya şəbəkəsi yenidən qurulur,

– City Hotel Agdam mehmanxanasının inşası davam edir,

– Pənahəli Xanın Sarayı və İmarət Kompleksində təmir-bərpa işləri aparılır,

– Xurşidbanu Natəvanın abidəsinin artıq açılışı olub,

– 470 mənzildən ibarət yaşayış məhəlləsi inşa edilir,

– Şəhərin dəmir yolu və avtovağzal kompleksinin inşası davam edir,

– Bərdə-Ağdam avtomobil yolunun inşası davam edir,

– Cümə məscidi bərpa olunur,

– 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanası və 1 nömrəli məktəbin inşası həyata keçirilir.

Əlbəttə, bu sadalananlar Ağdamda görülən işlərin bir hissəsidir. Ötən il şəhərin baş planı təsdiq olunub və bütün işlər plana uyğun şəkildə aparılır. Yeni Ağdamda 100 min əhalinin yaşaması, 1 750 fərdi ev və 23 min mənzilin inşası nəzərdə tutulur.

Təhsil Nazirliyi artıq Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada, həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. Şəhərdə məktəblər üçün yer elə seçilib ki, istənilən nöqtənin “300-350 metrliyində məktəb olacaq.

“Ağıllı və ya dayanaqlı şəhər” prinsipinə uyğun olaraq, burada su və elektrik təchizatı, sosial infrastruktur elə qurulacaq ki, əlçatan olsun və sakinlərin xəstəxana, məktəb və ya baş meydana piyada çatmaq imkanı olsun. “Ağıllı şəhər” konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri 125 hektarlıq meşədən tutmuş, su kanalları, göl, müasir körpülər və yollar vahid sistemin tərkibi olacaq.

Beləliklə, azad olunmuş ərazilərdən təkcə Ağdamda görülən və görüləcək işləri sadalamaqla bitirmək olmur. Azərbaycanın iqtsadi-siyasi gücü bütün layihələri uğurla həyata keçirməyə imkan verir.

Bu gün isə Ağdam üçün növbəti mötəbər hadisə baş verdi. 30 ilə yaxın dağdılan, daşları belə oğurlanan Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Azərbaycan ilə BMT-nin Yaşayış Məskənləri Proqramı UN-HABITAT arasında sıx əməkdaşlığın nəticəsində gerçəkləşən tədbirdə 44 xarici ölkədən olan 130-dan çox nümayəndə heyəti iştirak edir. Forumda çoxsaylı qonaqların iştirakı şəhərsalma sahəsində də Azərbaycana böyük marağın olduğunu göstərir.

Vətən müharibəsində Azərbaycan öz döyüş təcrübəsi, müharibə taktikası ilə bütün dünyanı heyrətləndirə bilmişdi. Bu gün Azərbaycanın tarixi qələbəsi dünyanın qabaqcıl ölkələrinin hərb məktəblərində öyrənilir. Hazırda da Azərbaycan növbəti dəfə dünyanın diqqət mərkəzindədir. Bu dəfə isə post-münaqişə dövründə aparılan sürətli quruculuq və bərpa işləri böyük maraqla qarşılanır./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password