“Azərbaycan və Ermənistan arasında ən qısa vaxtda…” – Müsahibə
Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
– Bir gün fərqlə İsrail və Türkiyə müdafiə nazirləri Azərbaycana gəldi. Səfərlər bir çox ölkədə, təbii ki, ilk növbədə Azərbaycanda geniş müzakirə mövusudur. Hər kəsi də bir sual düşündürür ki, nə baş verir?
– Təkcə İsrail və Türkiyənin müdafiə nazirləri yox, Səudiyyə Ərəbistanının xarici işlər naziri də Bakıya gəldi, üstəgəl, İran ordusunun baş qərargah rəisi ilə telefon danışığı oldu. Türkiyə-Azərbaycan münasibətləri birmənalıdır. Bütün bunlar bölgədəki son gərgin gəlişmələr fonunda baş verir. Üstəlik, İranın fəallığı, ABŞ və Fransanın bölgəyə daxil olmaq səyləri də diqqətdən yayınmır. Hindistanın Ermənistana silah satması da bura daxildir. Bütün bunlar bölgənin nə qədər hərəkətli olduğunu göstərir. Bölgəyə daxil olmaq istəyən müxtəlif maraq qüvvələri var. Baş verənləri də həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər çərçivəsində dəyərləndirmək lazımdır.
Türkiyə ilə yanaşı, İsraili də Azərbaycanın müttəfiqi saya bilərik. Yəni bu səfərlər müttəfiqlərin bölgəyə gəlişidir. Eyni zamanda, İran və bölgədə baş verənləri nəzərə alsaq, bunlar çox vacib səfərlərdir. Bunu tamamlayan da Səudiyyənin xarici işlər nazirinin səfəri oldu.
İran da qonşu ölkədir və baş verən proseslərlə əlaqə yaratmağa çalışır. İran son zamanlarda Ermənistana açıq dəstək verməklə açıq oyuna getdi, öz istəklərini ortaya qoydu. Təbii ki, İranın bu mövqeyi birmənalı qarşılanmır. Bu baxımdan, həm İran daxilindəki, həm də bölgədəki narahatlıq diqqətə alınmalıdır.
Konkret Türkiyə-İsrail məsələsinə gəldikdə, dediyim kimi, Azərbaycanın hər iki ölkə ilə yüksək əlaqələri var. Türkiyə-İsrail münasibətləri də normallaşmağa doğru gedir. Dolayı yolla, Azərbaycanın İsrail və Türkiyə müdafiə nazirlərinin rəsmi olmasa da qeyri-rəsmi təmas platformasına çevrildiyini deyə bilərik. İki ölkə arasındakı münasibətlərin tənzimlənməsində Azərbaycanın rolunu unutmamaq lazımdır. Azərbaycan da müttəfiqləri arasında münasibətlərin normallaşmasına öz töhfəsini verir.
– Dediyiniz kimi, İran baş qərargah rəisinin Bakıya zəngi də diqqətdən qaçmadı. Zəngdən bir gün sonra məlum oldu ki, İran Azərbaycana sərhəddə birgə təlim keçirməyi təklif edib. Maraqlıdır ki, bir tərəfdə Azərbaycanı hədələyən İran niyə digər yanda onunla birgə təlimə maraq göstərir?
– Bu, İranın ikili siyasətinin göstəricisidir. İran şimal qonşuluğunda güclü Azərbaycan istəmir, bunun üçün əlindən gələni edir. Ermənistana tam dəstəyi bunun səbəblərindən biridir. Güclü Azərbaycan, xüsusən də Şuşa Bəyannaməsindən sonra rəsmiləşən Türkiyə-Azərbaycan ittifaqı İranı olduqca narahat edir. Bu narahatlığını birbaşa bu ittifaqa yönəltmir, məsələn, bunu çatdırmaq üçün Zəngəzur dəhlizi məsələsinə qarşı fəallaşır, canfəşanlıq edir, “qırmızı xətt” mesajları verir. Amma reallıq var. Reallıq da budur ki, Azərbaycan həqiqətən də bölgənin gücünə çevrilib, xüsusilə də 44 günlük müharibədən sonra. Türkiyə ilə müttəfiqlik anlaşmasının imzalanmasından sonra proses tamamilə Azərbaycanın lehinə döndü. İran da bu reallığı görür.
İranın bu reallığı qəbul etməkdən başqa çıxış yolu yoxdur. İran indi bunu nəzərə alaraq, Azərbaycanı tamamilə itirməməyə çalışır. Baxın, Səudiyyə və İsrail əzəli rəqibləridir, açıq deməsə də, Türkiyəni də bölgədə ciddi rəqib kimi görür. İranın yürütdüyü siyasət həmişə anti-türk olub. Belə bir müstəvidə Azərbaycan kimi qonşunu itirmək İranın xarici və beynəlxalq siyasətində ciddi minus ola bilər. Ona görə də tamamilə ipləri qoparmamağa çalışır. Təklifin də bu yöndən gəldiyini düşünə bilərik. Əks halda biz İranla sərhədlərimizdə niyə birgə təlim keçək?! Heç bir anlamı olmayan məsələdir.
Belə təlimlər əslində düşmən ölkələrə bir mesajdır. İran isə Ermənistanı açıq şəkildə dəstəkləyən bir ölkədir. Belə bir fonda İranın bu təklifini də anlamıram. Dediyim kimi, bu, İranın Azərbaycan kimi qonşusunu itirməmək adına verdiyi qeyri-səmimi mesajdır.
– ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığında maraqlı bir məsələ müzakirə olundu: Qarabağ ermənilərinin reinteqrasiyası. Hesab etmək olarmı ki, ABŞ Qarabağ ermənilərə statusun verilməyəcəyi və məsələnin Azərbaycanın maraqları çərçivəsində həll edildiyi reallığını qəbul edir?
– Əslində bütün dünya beynəlxalq hüquqa görə Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bu, reallıqdır. Bunun əksi olsaydı, hər kəs indiyədək Qarabağdakı qondarma respublikanı tanıyardı, amma belə bir hüquq yoxdur. Bir qəsəbənin sakinləri qədər olan insanlara “dövlət” qurmaq dünya praktikasında yoxdur. Əslində var, nə vaxtsa olub, amma həmin prosesi bizim bölgə ilə müqayisə etmək olmaz. Çünki Qarabağda yaşayan ermənilərin sayı Azərbaycanın digər bölgələrində yaşayan etnik qrupların sayından çox deyil. Belədirsə, onda gərək Azərbaycanın hər kəndində, qəsəbəsində, şəhərində bir dövlət qurulsun. Dünyanın bir çox ölkəsində belə durum var.
Prezident İlham Əliyevin bununla bağlı Makrona yaxşı bir sözü olmuşdu. O demişdi ki, əgər erməniləri çox istəyirsinizsə, onda Marseldə bir Marsax qurun. Çünki Marseldə yaşayan ermənilərin sayı Azərbaycanda yaşayan ermənilərin sayından qat-qat çoxdur. Amerikanın Kaliforniya ştatını da misal göstərə bilərik.
Təbii ki, ermənilərin reinteqrasiyası mühüm məsələlərdən biridir. Bunu Azərbaycan dəfələrlə deyib və qanunlarımız da buna uyğundur. Prezident İlham Əliyev həm 44 günlük müharibədən əvvəl, həm də bundan sonra dəfələrlə bu haqda danışıb. Bu gün ermənilər Türkiyədə çox rahat şəkildə yaşayırlar. Erməni əsilli vətəndaşlar Türkiyə cəmiyyətinin bir parçasıdır. Onlar Türkiyədə heç bir təzyiqə, təqibə məruz qalmırlar. Yəni istər Azərbaycanın, istərsə də Türkiyənin ermənilərlə heç bir problemi yoxdur. Problem yaradan Ermənistandır, öz qonşularına qarşı ərazi iddiaları irəli sürür.
Azərbaycan öz təklifini verib, əgər ABŞ bunu dəstəkləyirsə, biz bunu ancaq alqışlaya bilərik. Amma Nensi Pelosinin İrəvanda “timsah göz yaşları” tökməsi və digər məsələlər Türkiyə və Azərbaycanın əldə edilməsi üçün çalışdığı sülhə ciddi zərbə vurur. Belə məsələlər bölgədə vəziyyəti gərginləşdirir. Məncə, Amerika da yekun qərarını verməlidir: bölgədə sülh istəyir, yoxsa münaqişənin davamlı olmasını. Amma Amerika rəsmisinin son açıqlaması təqdirəlayiqdir. Doğru olan açıqlama da budur. Bu “Amerika rəsmi səviyyədə bölgədə gedən prosesin sülhlə tamamlanmasını istəyir” mesajını ehtiva edən açıqlamadır.
– Ermənistanda isə Baş nazir Nikol Paşinyanın sülh gündəliyi müzakirə mövzusudur. Erməni mənbələrinin iddiasına görə, Azərbaycanla sülh müqaviləsi oktyabrın birinci ongünlüyündə Brüsseldə imzalanacaq. Belə tezliklə olmasa da, ən azı yaxın perspektivdə belə bir gəlişməni mümkün hesab edirsinizmi?
– Ciddi təxribat olmasa, mümkündür. Ukraynada davam etdirdiyi müharibə Rusiyanın başını ciddi şəkildə qatıb, eyni zamanda, bölgədəki mövqelərini zəiflədib. Buna görə də Avropa Birliyi insiyativi ələ almağa və prosesi sürətləndirməyə çalışır.
Bölgədə sülh hamının işinə yarayır. Sülh sazişinin imzalanması vacibdir. Əvvəl-axır imzalanacaq. Azərbaycan və onun müttəfiqi Türkiyənin bölgədə yetəri qədər gücü var, hər iki ölkənin əli çox güclüdür. Beynəlxalq hüquq da Azərbaycanın yanındadır. Qarşı tərəf ciddi təxribata yol verməsə, ciddi xəta edilməsə, sülh müqaviləsi qısa zamanda imzalana bilər. Çünki bunun başqa yolu yoxdur.
Ermənistan da normal dövlət kimi varlığını sürdürmək istəyirsə, buna tezliklə imza atmalıdır. Çünki proses heç də Ermənistanın lehinə inkişaf etmir, əksinə, əleyhinədir. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatdıqca, çox şeylərdən məhrum ola bilər. Paşinyan və komandası bunu yaxşı başa düşür. Düzdür, Ermənistandan revanşist mesajlar verilir, amma reallıq tam başqadır.
Bölgədəki durum, proses və güc balansı çox ciddi şəkildə dəyişib. Həmişə deyirdim ki, bölgədəki geosiyasi tarazlıq dəyişmədikcə, Qarabağ məsələsinin həlli mümkün deyil. Torpaqlarımızın işğaldan azad edilməsi çox mühüm məsələdir, amma qalıcı sülh müqaviləsi də imzalanmalıdır ki, bu da geosiyasi tarazlığın dəyişməsi ilə mümkündür. Bunun bir qismini Azərbaycan və Türkiyə gerçəkləşdirdi, bir qismini də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi dəyişdirdi. Gedişat hələlik Azərbaycanın xeyrinədir. Azərbaycanın lehinə olan şey də bölgədə sülhün lehinədir.
Sülh müqaviləsinin ən qısa vaxtda imzalanacağına inananlardan biriyəm. Çünki Ermənistanın başqa çarəsi yoxdur və bunu qəbul etmək məcburiyyətindədir. Paşinyanın özü də bu yaxınlarda etdiyi çıxışlardan birində dedi ki, Ermənistan mövcud sərhədləri daxilində öz varlığını qorumaq istəyirsə, sülh müqaviləsini imzalamalıdır və buna məcburdur. Bu da bir gerçəklikdir./teleqraf.com