“Yazıçılar Birliyindən Şərif Ağayara görə uzaqlaşdım” – Tanınmış yazıçı Babək Göyüşlə MÜSAHİBƏ
“Yəqin ki, hər bir insan həyatında ən azı bir dəfə deyib: “Bəlkə kitab yazım?”. Belə hiss mənim də beynimdən 5-ci sinifdə oxuyanda keçib. Çünki həmin vaxtlar şeir yazmağa başladım və düşündüm ki, bu yazdıqlarım elə-belə kağız üzərində qalmayacaq, yəqin nə vaxtsa kitab kimi işıq üzü görəcək. Ancaq 8-ci sinifi bitirib qonşu kəndə gedəndə şeir dəftərim yoxa çıxdı. Sonra janrı dəyişib nəsrə keçdim. Gördüklərimi, eşitdiklərimi və düşündüklərimi yenə kağıza köçürdüm. Məqalələr yazıb rayon qəzetinə və Azərbaycanda dərc edilən bir çox mətbu orqanlara göndərdim. Çap ediləndə sevindiyimdən “Uzunguney”ə sığmadım…
Məni oğul kimi saxlayan babam isə adım yazılan o qəzetləri üst-üstə qalaxlayıb kəndə car çəkdi və “uşaq roman yazır” dedi. Elə o vaxtdan məni heç bir işə buyurmadı, yayda ot çalmağa tək getdi, qışda da mal-qoyunu özü yemlədi, mənim işim yalnız sobaya odun atmaq, uşaqlarla futbol oynamaq, Göyçə gölünə çimməyə getmək, kitab oxumaq oldu…”
Bu fikirləri Bizim.Media-ya müsahibəsində uşaqlıq xatirələrini bölüşən tanınmış yazıçı-jurnalist Babək Göyüş deyib. B.Göyüşlə geniş müsahibəmizi təqdim edirik:
– Babək bəy, hansı peşə sizə daha çox yaxındır? Nasirlik, yoxsa jurnalistika?
– Jurnalist olmaq mənimçün sadəcə, maaş almaqdan başqa bir şey deyil. Əslinə qalanda mənim nə filoloji, nə də jurnalist təhsilim var. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Bura qəbul olmağımın da qəribə tarixçəsi var. Orda məktəbi bitirəndə ədəbiyyat müəllimiz mənə ya jurnalistika, ya da filologiya fakültəsinə qəbul olmağımı istədi. Bakıya gedəndə isə jurnalistikanı seçdim, ancaq sənədlərimi qəbul etmədilər. Dedilər ki, iki il əmək stajın olmalıdır.
Bunun üçün öncə hərbi xidmətə getməliydim, mən isə qəbul olmadan kəndə qayıda bilməzdim, çünki rayon olimpiadalarında daim iştirak etdiyimdən hamı məni ən yaxşı oxuyan şagird kimi tanıyırdı. Özüm də bilmədən sənədlərimi “mexmat”a verdim. 5 il könülsüz və güc-bəla ilə oxuduqdan sonra 3 il Lənkəranda riyaziyyat müəllimi işlədim.
Həmin vaxt rayonun “Leninçi” (hazırda “Lənkəran”) qəzetinin ştatdankənar müxbiri oldum. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışdım, 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Dövlət Neft Şirkətinin “Azneftegeofizika” istehsalat birliyində sistem-proqramçı vəzifəsində işlədim. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuata bağladım, Azərbaycanın müxtəlif qəzetlərində, AzTV, ANS, İnteraz, Türkiyənin NTV kanallarında çalışdım. İlk hekayəm 1988-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olundu. Daha sonra hekayələrim “Azərbaycan”, “Ulduz” və “Azərbaycan təbiəti” jurnallarında, “Yol” qəzetində və digər mətbu orqanlarda işıq üzü gördü. Amma yazıçı kimi bir, jurnalist kimi iki kitabım dərc olunub.
– Nə üçün hazırda TV-lərdən birində yox, məhz saytda çalışırsız?
– Bu, yaşla bağlıdır. İndi Azərbaycanda bir tendensiya var, TV-lərdə əsasən gəncləri işə götürürlər. Xarici ölkələrdə isə əksinə spikerlərin, aparıcıların böyük əksəriyyəti yaşlı insanlardır. Yəni, onların dediklərini ictimaiyyət daha ciddi qəbul edir. Bizdə isə 50 yaşdan sonra ya saytların və ya qəzetlərin birində çalışmalısan, ya da təqaüd vaxtını gözləyib çayxanalarda vaxtını keçirməlisən.
– 2004-2013-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmusuz. Üzvlükdən niyə imtina etdiniz?
– AYB-yə qəbul olunmağım da mənim istəyimlə olmayıb. O vaxt, daha doğrusu 2004-cü ildə AzTV-də çalışdığımdan Birliyin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu ilə tez-tez telefonla danışırdım, tədbirlərdə iştirak edirdim. Onun təklifi ilə ərizə yazdım, yazıçılar Mövlud Süleymanlı və Məmməd Oruc da hekayələrimlə bağlı müsbət fikirləri yazmışdılar. Beləcə AYB-nin üzvü oldum. Elə həmin ilin may ayında birliyin qurultayında da iştirak etdim. Yadımdadır, həmin vaxt Anarla yanaşı sədr kimi namizədliyini şair Akif Səməd də irəli sürmüşdü.
AYB-dən çıxmağım isə yazıçı Şərif Ağayarla bağlı idi. Belə ki, 2013-cü ilin iyun ayında o, saytların birinə açıqlamasında F.Qocaya qarşı sərt ittihamlar səsləndirmişdi. O, bu fikirlərinə görə AYB-nin üzvlüyündən xaric edilib. Elə həmin gündən başlayaraq Şərif Ağayara dəstək naminə mən, Elvin Bakiroğlu, Qismət, Ayxan Eyvaz, Mövlud Mövlud, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Elnaz Eyvazlı AYB-dən istefa verdik.
– Ədəbi mühitdən sizi axtaran, yaradıcılığınızla maraqlananlar olurmu?
– Elə bu günün özündə də dostlarımın siyahısında əsasən yazarlar yer alır. Azad Yazarlar Ocağının rəhbəri, “Alatoran” jurnalının baş redaktoru şair Rasim Qaraca ilə həftədə bir neçə dəfə, yazıçılardan Mövlud Süleymanlı və Şərif Ağayarla isə rastlaşanda ədəbi söhbətlər edirik. Onların hamısı nə yazdığımla, yeni yazılan əsərin süjet xətti ilə maraqlanırlar.
Ən maraqlı hömsəhbətim Yazıçılar Birliyindən qovulan, 2011-ci il noyabrın 19-da gecə saatlarında küçədə bıçaqlanan, noyabrın 23-də isə Bakının 1 saylı xəstəxanasında vəfat edən yazıçı Rafiq Tağı olub.
– Yeni çap olunacaq kitabınız nə ilə bağlıdır? Hekayələriniz zamanın tələbi ilə ayaqlaşacaq gücdədir?
– Yeni kitabıma müxtəlif illərdə yazdığım 14 hekayə daxil olub. Onların demək olar ki, hər birində mistika dominantlıq edir. “Yaşıl qurbağanın çəhrayı daşı” adlandırdığım kitab adının özü elə mistikadır.
– Nə üçün kitabınıza belə ilginc ad seçmisiz? Bunu hər hansı bir mesaj kimi qəbul edə bilərik?
Kitabımın adı ilk hekayənin adından götürülüb. “Yaşıl qurbağanın çəhrayı daşı”. Hansı mesajın verilməsini isə oxuduqdan sonra özünüz başa düşəcəksiniz. Qoy, sirr qalsın.
– Gələcək planlarınız nədən ibarətdir? Həyatınızı saytda sıravi işçi kimi başa vurmaq niyyətindəsiniz, yoxsa?
– Planım uzun müddət sağ-salamat yaşamaq və ürəyimdə illərdir bəslədiyim süjetləri kitablaşdırmaqdır. “Sıravi işçi” sözü çox xoşuma gəldi. Mənim ən böyük vəzifəm baş redaktor olub. Bu da sıravi işçi ilə eyni ölçülür, çünki ikisinin də işi xəbər hazırlayıb, sayta yerləşdirməkdir.
Yeri gəlmişkən, istər jurnalistika, istərsə də ədəbiyyat sahəsində bütün iş yerləri uzun illərdir ki, müəyyən qruplar, müəyyən adamlar tərəfindən işğal edilib. Jurnalistlər və Yazıçılar Birliyində çalışanları, QHT-lərdə külüng çalanları göz önünə gətirin. Eyni simalar, eyni layihələr və eyni mükafatlar.
Son söz kimi, bizim hazırkı ədəbi mühitimiz “Yaşıl qurbağanın çəhrayı daşı” hekayəmdə çəhrayı daşın üstündə oturan və Qanlı gölün kənarında ölümünü gözləyən Ağarzanın taleyi ilə eynidir. O daşın üstündə oturmaq üçün uzun növbələr yaranıb…
Kitabla tanış olduqdan sonra məni daha çox anlayacaqsınız. Kitabımda görüşənədək.
Leyla Şah, Bizim.Media