Brayza: “Yunanıstan və Bolqarıstan IGB vasitəsilə digər ölkələrdən də qaz ala bilər”

 

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) sayəsində Azərbaycan və ya digər ölkələrdən alınan təbii qaz Bolqarıstan vasitəsilə yalnız Cənub-Şərqi Avropaya deyil, Moldova və Ukraynaya da çıxış əldə edə bilər.

Bunu beynəlxalq ekspert, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsini şərh edərkən deyib.

““Rusiyanın təbii qazından çox asılı olan Bolqarıstan və Yunanıstan indi Azərbaycandan mavi yanacaq ala biləcək”, – M.Brayza deyib.

O,  IGB-də Azərbaycanın rolunun çox vacib olduğunu vurğulayıb:

“IGB boru kəməri həm təbii qaz tədarükçüləri, həm də alıcıları arasında rəqabəti artırmaq baxımından vacibdir”.

Ekspert qeyd edib ki, IGB sayəsində Yunanıstan və Bolqarıstan həm də Türkiyənin mayeləşdirilmiş təbii qaz terminalı vasitəsilə qaz almaq imkanı əldə edəcək.

Xatırladaq ki, bu gün Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəməri kommersiya istismarına verilib. Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş istifadəyə verilmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

IGB Yunanıstanda Trans-Adriatik qaz kəmərinə qoşulur ki, bu da “Şahdəniz” yatağında hasil olunan Azərbaycan qazını Bolqarıstana nəql etməyə imkan verəcək.

“Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password