Ermənistanı sülhdən qaçıran səbəb: Paşinyan fikrini tez dəyişdi… – Şəfiyev
Son bir ayda Ermənistan 13-14-sentyabr hadisələri də daxil olmaqla, müəyyən “işlər” görür. Baş nazir Nikol Paşinyan bu ərəfədə ABŞ və Fransada səfərdə oldu. Bu baxımdan hazırda proseslərdə bir az danışıqlar dinamikası var. 31 avqustda Brüsseldə baş tutan görüşdən sonra Ermənistan sülh sazişinin imzalanmasından sanki qorxdu. N.Paşinyan və onun ətrafında olan adamlar Azərbaycanla nəticədə sülh müqaviləsi imzalamağın xufunu yaşamağa başladılar. N.Paşinyan Ermənistan parlamentində sülh sazişi imzalamağa hazır olduğunu, hətta xain damğası vurulsa belə bunu edəcəyini açıqlamışdı. Amma o 2-3 saatdan sonra fikirlərini təkzib etdi. Bu, Ermənistanın sülh sazişi ilə bağlı böyük tərəddüdlərindən xəbər verir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, 13-14 sentyabr hadisələri göstərdi ki, Azərbaycan bundan sonar da erməni təxribatlarına daha tutarlı cavab verəcək:
“Digər bir məsələ isə Ermənistanın təxribatlarına Azərbaycanın sarsıdıcı cavabları fonunda bu ölkəni hərbi cəhətdən dəstəkləyən yoxdur. Nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), nə də Rusiya Ermənistana dəstək göstərmədi. Bu da Ermənistanla Azərbaycan arasında konkret sərhəd xəttinin müəyyənləşməməsi ilə bağlı idi. Ona görə də Ermənistan mümkün qədər özünə başqa bir müttəfiq tapmaq niyətinə düşdü. ABŞ və Fransa ilə Ermənistanın artan təmasları, bu günlərdə Hindistanla silah alışı baxımdan yaxınlaşması isə ayrı bir istiqamət hesab edilir. Hətta söhbət gedir ki, Ermənistan silahlanaraq Azərbaycanla yeni müharibəyə başlaya bilər. Bütün bu problemlərin əsasında isə Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi, yəni Azərbaycanın ərazi bütövlüyü kimi tanımaq prinsipi dayanır. Erməni tərəfi buna hazır idi. Bu ilin mart-aprel ayında erməni tərəfindən bununla bağlı müəyyən bəyanatlar verilmişdi. Amma ondan sonra Ermənistan hakimiyyəti bu prosesdən qorxaraq prosesi pozmağa çalışdı”.
Fərid Şəfiyev hesab edir ki, Azəerbaycanda bu məsələ ilə bağlı müəyyən işlər aparılmalıdır:
“Son hadisələr göstərdi ki, müəyyən bir məlumat boşluğu var. Mütləq ki, bəzi nöqsanları aradan qaldırmalıyıq. Bu həm daxili siyasətdə və daxili auditoriyada müəyyən məlumatların təqdim edilməsiilə bağlıdır. Eyni zamanda xarici tərəfdaşlarla da bu mövzuda daimi dialoq aparılmalıdır. Azərbaycan öz torpaqlarını erməni işğalından azad edib. Ona görə də, biz münaqişə ilə bağlı yanaşmaları keçmişdə qoymaq istəyirik. Amma görünən odur ki, Ermənistan buna hazır deyir. Qarşı tərəfin davranışları məhz belə bir reallıq formalaşdırır”.