Xərclərin artması fonunda Neft Fondundan köçürmə azalır
Pərviz Heydərov yazır…
Hökumətin artıq dövlət başçısına təqdim etdiyi 2023-cü ilə dair dövlət büdcəsi ilə icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcənin göstəriciləri, həmçinin ölkənin 2023-cü il və sonrakı üç il ərzində iqtisadi və sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri qlobal miqyasda hökm sürən qeyri-müəyyənlik fonunda nikbin xarakter daşıyır.
Bu da ölkə iqtisadiyyatının real vəziyyətindən irəli gəlir və mövcud makroiqtisadi durumla əlaqədardır. Belə ki, 2020-ci ildən sonra ölkəmiz sürətlə bərpa olunmağa başladı ki, proses getdikcə möhkəm xarakter almaqla itkiləri qısa zamanda kompensasiya edərək əvvəlki inkişaf yoluna qayıtmağa şərait yaratdı. Və ən azı ötən ilin yekununa 5,6 %-lik iqtisadi artım göstəricisi ölkənin tənəzzüldən çıxdığını deməyə əsas verdi.
Cari ilə gəldikdə isə ötən 8 ayın nəticələrinə əsasən ümumən 5,8 % olmaqla, qeyri-neft sektoru üzrə 10,3 %, qeyri-neft sənayesində 9 % artım qeydə alınıb. Xarici ticarət dövriyyəsi 35 milyard dollar təşkil edib. Strateji valyuta ehtiyatlarımız 2,7 milyard dollar artaraq 56 milyarda yaxınlaşıb ki, xarici dövlət borcumuzu 7 dəfədən çox üstələyir.
Dövlət büdcəsinin icrasına gəldikdə, qeyd etmək kifayətdir ki, ilin ortasına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 6 milyard 482 milyon 100 min manat vəsait daxil edilmişdi ki, bu da proqnoza nisbətən 2 milyard 64 milyon 700 min manat və ya 46,7 % çox demək idi.
2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 140 milyon 100 min manat və ya 49,3 faiz çox…
Bu vəsaitin 67,6 %-nin və yaxud 4 milyard 381 milyon 300 min manatının qeyri-neft-qaz sektorundan daxilolmaların payına düşməsi və 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 206 milyon manat və ya 38,0 % çox təşkil etməsi, xüsusən böyük önəm daşıdı.
Düzdür, burada inflyasiyanın da rolu var və bunun da təsirləri az deyil. Ancaq bunu çox da şişirtməyə dəyməz.
Bəs, növbəti ilin dövlət büdcəsi layihəsində ilk olaraq diqqəti çəkən nədir?
Qeyd edim ki, bütün aspektlərə bir yazıda toxunmaq mümkün deyil. Lakin gəlirlərimizin əsasını neft dollarları təşkil etdiyindən ilk olaraq diqqəti çəkən Dövlət Neft Fondundan (ARDNF) transfert məsələsidir.
2023-cü ildə büdcə gəlirlərimizin 53 %-i və ya 16 milyard 297 milyon manatı neft sektorunun payına düşəcək ki, ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək.
Bu da büdcə gəlirlərinin 36,7 %-i deməkdir.
Xatırladım ki, keçən il, yəni 2021-ci ildə və ondan əvvəlki ildə – 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə – 12 milyard 200 milyon manat həyata keçirilmişdi. Cari ilin dövlət büdcəsində isə Fonddan transfert 510 milyon manat və ya 4,2 faiz çox proqnoz edilmişdi. Yəni, 12 milyard 710 milyon manat məbləğində…
Ancaq məlumdur ki, dövlət başçısı İlham Əliyevin göstərişi ilə Milli Məclisdə iyun ayında 2022-ci ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edildi.
Dəyişikliklərə əsasən 2022-ci ilin gəlirlər 2 milyard 381 milyon 800 min manat və ya 8,9 faiz artırılaraq 29 milyard 197 milyon 800 min manat, xərclər isə 2 milyard 424 milyon 800 min manat və ya 8,1 faiz artırılaraq 32 milyard 303 milyon 800 min manat edildi.
Bu zaman, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat məbləğində azaldılaraq 11 milyard 517 milyon 500 min manat edildi. ARDNF-dən transfert büdcə gəlirlərinin 39,4 %-ə endirildi.
Növbəti, yəni 2023-cü ildə isə ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək ki, bu da büdcə gəlirlərinin təkrar edirəm, 36,7 %-ni təşkil edəcək. Halbuki, ümumən dövlət büdcəsinin həcmi bu ildəkindən artıq olacaq.
2023-cü ilin dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat, xərclərisə 33 milyard 300 milyon manat proqnoz edilib ki, bu da gəlirlər baxımından 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522 milyon 900 min manat (5,2 %), 2021-ci ilin icra göstəricilərinə nisbətdəsə 4 milyard 324 milyon 400 min manat (16,4 %) çox, xərclər sarıdansa 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 9 milyard 96 milyon 200 min manat (3,1 %), 2021-ci ilin icra göstəricilərinə nisbətdəsə 5 milyard 877 milyon 600 min (21,4 %) manat çox deməkdir.
Göründüyü kimi, ARDNF-dən transfert məbləğinin azaldılması xətti davam edir. Və bu çox təqdirəlayiq haldır. Dövlət başçımızın 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən 2025-ci ilə qədər dövlət sektorunda xərclənən neft vəsaitlərinin payını 15 %-ə endirmək planına uyğundur.
Bəs, buna zəmin yaradan nədir ?!
Birincisi, qeyri-neft-qaz sektorundan gəlirlərin artması, ikincisi, xam neft ilə təbii qazın beynəlxalq qiymətlərinin xeyli müddətdir əlverişliliyi, üçüncüsü, ölkədə 2019-cu ildən həyata keçirilməyə başlanılan vergi-büdcə-fiskal siyasətindəki dəyişiklər və islahatların nəticəsi, dördüncüsü, bir çox biznes dairələrinin işlərində yaranan şəffaflıq, dürüstlük, hesabatlılıq və sair. Bu siyahını bir az da uzatmaq olar. Lakin…
Neft Fondundan büdcəyə transfertin azaldılması xəttinin davamlı inkişafı üçün iqtisadiyyatda keyfiyyət dəyişiklikləri hələ dərinə işləməli, dövlət gəlirlərinin strukturunda qeyri-enerji sektoru üzrə mənbələrdən mədaxil damla da olsa heç bir qiymət artımı və inflyasiya kimi amillərə söykənməməli, ümumiyyətlə bu istiqamətdə artım sırf ekstensiv əsaslar üzərində köklənməlidir.
Bu zaman, 2023-cü ildən sonrakı illər üzrə də dövlət büdcəsi layihələrində ARDNF-dən köçürmənin azalacağının şahidi olacağıq.