Şəhidlərimizin xatirəsini ehtiram və qürurla yad edirik
«Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim , xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin 27 sentyabrından başlayıb 44 günə bitən Vətən Mühharibəsindən sonra deyib. Ali baş komandanın dəmir yumrugu ilə 30 illik torpaq həsrətimiz bitdi. Yurdumuz, yuvamız düşmən tapdagından azad oldu? Bu azadlığın əbədiyaşar qəhrəmanları şəhidləridir. Azərbaycan xalqı həm şəhidləri, həm də döyüşlərdə şücaət göstərən igid oğlanları ilə fəxr edir. Hamımız bir yumruq olduq, birləşdik və qalib gəldik. Ordumuzun qəhrəmanlıgı qarşısında bütün sözlər acizdir.
Sentyabrın 27-də səhər radələrindən başlayaraq mənfur qonşularımızın təcavüzkar hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən mövqelərini, eləcə də bir çox yaşayış məntəqələrini ballistik raketlərlə, kasetli bombalarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Erməni silahlılarının vəhşilikləri Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına başlamağa vadar etdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildi. Oktyabrın 3-də xüsusi əhəmiyyətə malik Tərtərin Madagiz kəndi işğaldan azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Elə həmin gün kəndin tarixi adı olan Suqovuşan da Prezident İlham Əliyev tərəfindən bərpa edildi. Cəbhə boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Hücuma keçən Azərbaycan Silahlı Qüvvələri oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan azad etdi, 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı, eyni ayın 20-də isə Zəngilan şəhərini düşmən tapdağından azad etdi. Ordumuz oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi. Şuşa zəfəri 8 noyabrda müharibənin gedişatında son nöqtəni qoydu. Növbəti gün onlarla kəndin azad olunması xəbəri də xalqa çatdırıldı. 10 noyabr günü Nikol Paşinyan Azərbaycan Prezidentinin diktə etdiyi bütün şərtləri qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir can itkisi olmadan azad edildi.
Müharibə başlanan andan ədliyyə işçiləri də döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, döyüşlər davam edən müddətdə və daha sonralar da döyüşçülərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər. Eyni zamanda məlumdur ki, bir çox ədliyyə işçisi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqlarından vəsaitlər köçürüblər. Nazirliyin tibb xidmətinin həkimləri də Vətən müharibəsi dövründə zərər çəkənlərə lazımi tibbi yardım göstərib, ədliyyə orqanlarında mütəmadi olaraq qanvermə aksiyaları keçirilib. Ədliyyə Nazirliyinin əməkdaşları döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə tez-tez baş çəkib, sovqatlar təqdim ediblər. Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir. Şəhid ailələri və yaralı hərbçilərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir.
Vətən müharibəsində şəhid olmuş Ədliyyə Nazirliyinin əməkdaşlarından biri Ruhin Xəlilovdur. Hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra ədliyyə orqanlarına qulluğa qəbul olunan Ruhin Xəlilov bir müddət icra məmuru vəzifəsində çalışmış, nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatına irəli çəkilmişdir. Xidməti fəaliyyəti dövründə çalışqanlığı və nizam-intizamı ilə nazirliyin işçi heyətinin rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanmışdır. Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhadətindən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova “Fəxri ədliyyə işçisi” adı verilmişdir. Əbədi qəhrəmanın İkinci Fəxri xiyabanda yerləşən məzarı bütün əlamətdar günlərdə nazirliyin işçiləri tərəfindən ziyarət olunur, şəhidimizin qəhrəmanlıq yolu xatırlanır, zaman keçdikcə daha çox yaddaşlara həkk olunur.
Məlum olduğu kimi 2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun 80 hərbi qulluqçusu şəhid olub. Bu gün Azərbaycan xalqı onları da ehtiramla yad edir. Çünki onlar 44 günlük müharibədə həlak olan qəhrəman şəhidlərimizin davamçıladır. Onların şəhid olaraq azad etdikləri torpaqlarımızı bu gün qoruyaraq şəhid olmaq onlara nəsib olmuşlar. Odur ki, otuz illik işğaldan sonrab bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır.
Ədliyyə işçiləri tezliklə yenidən qurulacaq Qarabağda da vətəndaşlara xidmət göstərəcəkləri günü böyük səbirsizliklə gözləyirlər. Bir vaxtlar, bu, sadəcə, bir arzu idisə, artıq müzəffər Ordumuzun sayəsində reallığa çevrilib. Qarabağda, Şuşada bu gün doğma Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır!
Ceyhun Mustafayev
Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin rəis müavini, kiçik ədliyyə müşaviri