Nazir: “Xəzərin dibi ilə fiber-optik xətt çəkilməsinin böyük əhəmiyyəti var”
“Xəzər dənizinin dibi ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi böyük əhəmiyyət kəsb edir”.
Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti Səlahiyyətli Konfransda çıxışı zamanı bildirib.
R.Nəbiyev əlavə edib ki, adıçəkilən layihənin təşəbbüskarı Azərbaycandır:
“Bu təşəbbüs Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində rəqəmsal xidmətlərin yaranması üçün imkanlar yaradacaq. Biz İKT-nin faydalarını bütün millətlərə və cəmiyyətin bütün təbəqələrinə çatdırmaq üçün resurslarımızı bir yerə toplamalı və sinerji yaratmalıyıq”.
Nazir konfransda çıxışında Azərbaycanın 1992-ci ildən BTİ-nin, 2014-cü ildən isə BTİ Şurasının fəal üzvü olduğunu bildirib: “İKT sektorunda ölkələrarası dialoqu genişləndirmək məqsədilə bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
R.Nəbiyev Azərbaycanda “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının yalnız rəqəmsal transformasiya vasitəsilə mümkün olduğunu söyləyib: “Rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş bir sıra dövlət proqramlarını qəbul etmişik və hazırda inkişaf etdiririk. Ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edir, GPON və LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələr həyata keçiririk”.
Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və BTİ-nin idarəedici orqanı olan Şuraya üzvlər seçilir. Sözügedən seçkilərdə Azərbaycanın 2023 – 2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə nazirliyin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülüb.
Xatırladaq ki, BTİ-nin 26 sentyabr – 14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir. Beynəlxalq tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.