Jurnalistlərin reyestri: Gerçək media hansı olacaq?
Jurnalistlərin reyestrinin aparılması “Media haqqında” Qanuna əsaslanır. Çünki qanunda xüsusi bir bölmə media reyestrlərinə həsr olunub və birmənalı qarşılanmayıb. Etirazların səbəbi media subyektlərinin bu şəkildə reyestrə qəbul olunması müəyyən dərəcədə məhdudiyyətlər və problemlər yaratması idi.
Bu sözləri açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.
“Hesab edirəm ki, qeydiyyat aparılmalıdır. Biz bilməliyik ki, media mühitində nə qədər qəzet, sayt və s. subyekti var. Bu, şəffaflıq üçün çox önəmlidir. Çünki qeydiyyata alınırlar, domen alırlar, amma bilinmir ki, saytı kim yaradıb, rəhbəri kimdir. İki gün işləyir, başlayır kiminsə haqqında böhtan yazıb, reketçiliklə məşğul olmağa. Sonra o saytı bağlayıb başqasını açır. Bir sözlə, ictimai dələduzluqla məşğul olanlar çoxdur. Ona görə də bunların qarşısını almaq üçün media subyektlərinin reyestrinin aparılması vacibdir”, – Q.Məhərrəmli bildirib.
Professorun sözlərinə görə, jurnalistlərin reyestrinin maddələr üzrə aparılması heç də sadə məsələ deyil:
“Prezident bu fərmanı imzaladıqdan sonra bunu müzakirə etməyin bir mənası yoxdur. Amma hər halda ali təhsilin olmaması sayt yaratmaqda müəyyən məhdudiyyətlər yarada bilir. Orada əmək qabiliyyətinin olub-olmamasına da diqqət yetirmək lazımdır. Bu qaydalar əsasında konkret şərtlər aydın ifadə olunmalıdır. Reyestrdən keçənlər jurnalist sayılacaqlar. Onlar müəyyən imtiyazlardan, üstünlüklərdən, o cümlədən də ipotekadan faydalana biləcəklər. Amma bu sənədləri düzəltmək sadə məsələ deyil. Sənədlər təqdim olunan zaman mütləq çalışdığınız media qurumu ilə elektron qaydada əmək müqaviləsi, məhkumluqla bağlı arayış, eləcə də başqa sənədlər olmalıdır. Bu, xeyli vaxt aparan bir prosesdir və heç də asan başa gəlməyəcək. Əgər əmək müqaviləsi yoxdursa, qeydiyyata almayacaqlar.
Sual ortaya çıxır ki, jurnalistlərin reyestrə daxil olması könüllüdürmü? Bəli, kim istəyir reyestrdə qeydiyyata düşür, istəməyən düşmür. Əvvəllər vahid jurnalist vəsiqəsi haqqında danışılırdı. Bu məsələ də prosedur qaydasında həll olunmalıdır. Burada media agentliyinin təqdim etdiyi layihələr, qrantlar və s. məsələlərdə reyestrdən keçən adamlar faydalana biləcək. Amma jurnalistlərin və media subyektlərinin reyestrinin aparılması jurnalistikanın informasiya işinin keyfiyyətinə müsbət təsir edəcəyinə şübhə ilə yanaşıram. Çünki göstərilən məsələlər kontent yox, prosedur məsələləridir. Bəli, jurnalistlərin məsuliyyəti artacaq. Çox jurnalist var ki, heç bir məsuliyyət dərk etmədən insanlar haqda böhtanlar yazır. Onlar müəyyən dərəcədə azala bilər. Lakin adamlar var ki, reyestr xidmətinə düşməyəcək və istədiklərini edəcəklər. Bu məsələdə etik komissiyanın daha effektli, daha səmərəli çalışması üçün Mətbuat Şurasının üzərinə müəyyən məsuliyyət düşür.
Bilirsiniz ki, bizim saysız-hesabsız media subyektlərimiz var. Maraqlıdır ki, gerçək media hansı olacaq? Qeydiyyatdan keçənlər, yoxsa keçməyənlər?!
Ona görə də, düşünürəm ki, bununla bağlı görülməli işlər çoxdur və hüquqi mexanizmlər hazırlanmalı, prosedurlar işlənməlidir. Media subyektləri arasında müəyyən qədər təbliğat və izahat işi aparılmalıdır ki, insanlar bunu hüquqlarının məhdudlaşdırılması kimi yox, işləyənlər üçün şəraitin yaradılması kimi başa düşsünlər. Reyestrə düşmüş jurnalist və ya media subyekti üçün məlumat almaq asanlaşacaqsa, məmurlar müsahibədən yayınmayacaqsa, reyesterdən keçmiş jurnalistlər nazirə sual verib cavab ala biləcəklərsə, bu, çox gözəldir. Ona görə də, burada bir az komplekslə yanaşmaq lazımdır ki, biz məsələnin daxilindən mediamızın inkişafı üçün faydalı və səmərəli məqamları götürək və inkişaf etdirək”./axar.az