Baydendən Putinə nüvə mesajı – “Qətiyyən, etmə! Müharibənin simasın dəyişəcəksən!”
7 ay əvvəl başlayan, minlərlə insanın ölümünə və didərgin düşməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsi Kiyevin işğal edilmiş şəhərləri geri almaq üçün keçirdiyi əks-hücum əməliyyatları ilə davam edir.
“The Telegrapha” istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərlik elan edib və 300 min Rusiya vətəndaşının orduya çağırılacağını açıqlayıb. Putin eyni bəyanatında nüvə silahından istifadə edə biləcəyinə işarə edib.
“SİLAHLANMA YARIŞI BAŞLAYIR”
“Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün mümkün vasitələrdən istifadə edəcək. Bu, blef deyil” deyən Putinin sözləri Avropada nüvə hücumu ilə bağlı narahatlığı daha da artırıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak iddia edib ki, Rusiya təhdid etdiyi kimi Ukraynanı bombalayarsa, bu, qlobal silahlanma yarışına səbəb olacaq.
“Vladimir Putin nüvə silahı olmayan dövlətlə müharibəyə başladı. Adi müharibədə qalib gələ bilmədiyi üçün indi nüvə silahından istifadə etməklə hədələyir. Özünün dediyi kimi, bu silahlardan istifadə etsə və müharibədən bu şəkildə qurtulsa, hər bir qeyri-nüvə dövləti atom bombasına sahib olmaq istəyəcək” – Podolyak “The Telegraph”a bildirib.
Podolyak Rusiyanın Ukraynanın böyük bir hissəsini ilhaq etməsinə baxmayaraq, əks-hücumlarını davam etdirəcəklərini vurğulayıb.
Çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyaya cavab verən ABŞ prezidenti Co Bayden deyib: “Rusiyanın təcavüzünə qarşı həmrəy olacağıq. Nöqtə”.
BMT-dəki bəyanat Putinə “aydın mesaj” kimi şərh edilsə də, məlum olub ki, ABŞ lideri Ukraynada nüvə silahından istifadənin ağır nəticələri ilə bağlı aylardır Kremlə gizli xəbərdarlıqlar göndərirmiş.
“The Telegraph” qəzetində yer alan xəbərə görə, ABŞ “strateji qeyri-müəyyənlik” siyasətinin bir hissəsi olaraq nüvə hücumuna verəcəyi cavabın nə olacağını açıqlamır. Bu siyasətlə Vaşinqtonun niyyətinin Kremldə çaxnaşma yaratmaq olduğu bildirilir.
NÜVƏ SİLAHLARI HƏRƏKƏTƏ GƏTİRİLİB?
Bu yaxınlarda ABŞ prezidenti Co Bayden “CBC News”a verdiyi müsahibədə Putinə nüvə silahları ilə bağlı xəbərdarlıq edib: “Qətiyyən, etmə! Etmə! Müharibənin simasını II Dünya müharibəsindən bəri heç bir şeyə bənzəməyəcək şəkildə dəyişəcəksən!”
Bayden Rusiyanın hücumuna cavab verəcəklərini, lakin bunun Moskvanın hərəkətlərinin miqyasından asılı olacağını vurğulayıb.
Xarici Əlaqələr Şurasının sədri Riçard Haass mövzu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ-ın Rusiyaya etdiyi xəbərdarlıqlar gizli deyil, daha aydın olmalıdır: “Tarix göstərir ki, Putin çox ciddi təhdidlərə daha yaxşı cavab verir. Bizim xəbərdarlıqlarımız da daha inandırıcı və güclü olmalıdır”.
ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın mümkün hücuma hazırlaşmaq üçün nüvə silahlarını hərəkətə gətirdiyinə dair hələ heç bir əlamət yoxdur. Lakin analitiklər hesab edirlər ki, Putin mövqeyinin təhlükə altında olduğunu düşünsə, bunu edə bilər.(musavat.com)