Rusiya Paşinyana qarşı hərəkətə keçdi – Erməni kilsəsi də prosesə qoşulur

 

“Paşinyan BMT Baş Assambleyasının Nyu-Yorkdakı sammitində çıxışı zamanı aşkar formada sülh istəmədiyini nümayiş etdirdi. Belə bir müharibə ona və ölkəsinə yaxşı heç nə vəd etmir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ABŞ Prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü ilə bağlı bu ölkənin Baş naziri Nikol Paşinyana ünvanladığı məktuba da diqqət çəkib:

“Baydenin Paşinyana məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsinə yer verməsi və Azərbaycanı Ermənistana hücum etməsinə eyham vurması göstərir ki, Vaşinqton prosesi qızışdırmaq istəyir. Paşinyanı “cəsarətləndirən” də Amerikadan verilən belə mesajlardır. Ermənistan baş naziri ABŞ-ın dəstəyini hiss etdiyi üçün Azərbaycana qarşı təxribatçı mesajlar verir. Amma İrəvanın arzusunun əksinə olaraq, ABŞ Ermənistana silah yardımı etməyəcək. Amma siyasi olaraq, Ermənistanı Rusiyadan aralamağa çalışır. Vaşinqtondan verilən dəstək İrəvanı anti-Rusiya relsinə çıxarır.

Hesab edirəm ki, Ağ Evin bu siyasəti Ermənistan daxilində siyasi böhrana yol açacaq. Bu isə toqquşmaların baş verməsi ilə nəticələnə bilər.

Artıq Rusiya özünə bağlı siyasi qüvvələri toparlayıb anti-Rusiya xəttini gücləndirən Paşinyana qarşı həmləyə hazırlaşır. Bunun işartıları görünməyə başlayıb. Eçmiədzində Ermənistanın baş keşişi II Qareginin vasitəçiliyi ilə rusiyayönlü eks-prezidentlər bir araya gələcək. Məqsəd ABŞ-ın Ermənistanda formalaşdırdığı siyasi prosesi əngəlləməkdir. Görünən budur ki, erməni kilsəsi də Paşinyana qarşı açılan yeni cəbhədə yer alır.

Paşinyanın BMT tribunasındakı çıxışı Azərbaycanla sülh danışıqlarını baltalayır. Çıxışında sülh müqaviləsinin imzalanmasının və ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının vacibliyindən danışsa da, Qarabağ erməniləri ilə bağlı “gələcək müqəddərat” kəlməsini işlətməsə də, Azərbaycanı “təcavüz”də suçladı, Minsk qrupundan danışdı, beynəlxalq müşahidəçilərin bölgəyə gətirilməsindən dən vurdu. Yəni Azərbaycanın qəbul etmədiyi bütün məsələləri dilə gətirdi. 10 noyabr anlaşmasının bəndlərini təhrif edən Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırır.

Ermənistanın siyasi rəhbərliyi “burulğan”a düşüb və Azərbaycana qarşı növbəti silahlı təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Amma bu siyasətin Ermənistan üçün mənfi təzahürləri olacaq. Paşinyan dilemma qarşısındadır: ya, sülh müqaviləsinə imza atıb Azərbaycanla münasibətləri normallaşdırıb regionda iqtisadi inteqrasiyada iştirak edəcək, ya da bir daha məğlub olub öz hakimiyyətini itirəcək”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password