Kreml nədən total müharibəyə qərar verdi? – “Putin Səmərqənddə ona olan münasibətdən o qədər hiddətlənib ki…”
“O, 70 illik yubileyini ölkə vətəndaşlarının gözündə müharibəni uduzmuş lider kimi qeyd etmək istəmir”
“Rusiyada Ukraynaya qarşı total müharibəyə keçməyin vaxtı olduğu barədə səslər çoxdan eşidilirdi. Biz hələ fevralın ayının sonundan bu barədə rəylər oxuyuruq. Mənə elə gəlir ki, Kreml Putinin simasında uzun müddət bu səsləri birtəhər basdırmağa, onları eşitməməyə və cəmiyyəti Ukrayna kampaniyasının məhdud xüsusi əməliyyat olduğuna inandırmağa çalışıb. Yəni müharibədə peşəkarlar, müqaviləli əsgərlər və könüllülər iştirak edir, bu xüsusi əməliyyat əhalinin əsas hissəsinə, televiziyada onu izləyən insanlara toxunmamalı idi”.
Bu fikirləri rusiyalı məşhur sosioloq İqor Eydman Azadlıq Radiosunun Rusiya xidmətinə müsahibəsində bildirib.
O, jurnalistin “niyə məhz indi Kreml xüsusi əməliyyatı bütün əhaliyə təsir edən müharibəyə çevirmək qərarına gəlib” sualına cavabında deyib ki, hökumətin strategiyası dəyişib: “Başlanğıcda konsepsiya belə idi: əsas Rusiya cəmiyyəti müharibəni televiziyada izləyir və alqışlayır, yalnız peşəkarlar, muzudlular, məhbuslar və könüllülər döyüşür. Əsas odur ki, bu müharibə əhali kütlələrinə, ilk növbədə böyük şəhərlərin sakinlərinə, məsələn, Moskvalılara təsir etmir. Putin bu konsepsiyanı çox uzun müddət işlək saxladı. Çünki o, açıq-aydın qorxurdu ki, əgər bu müharibə cəmiyyəti əhatə edərsə, hamıya təsir edərsə, tez bir zamanda populyarlığını itirəcək və onun hakimiyyətinin sabitliyi üçün problemə çevriləcək.
Açıqca görünür ki, səfərbərlik qərarı cəbhədəki şəraitə görə məcburən verilib. İlk növbədə ordunun Xarkovdan geri çəkilməsi Rusiyanın müharibəni uduzduğunu hamıya əyani şəkildə göstərdi. Bunu görməmək üçün kor olmaq lazımdır. Putin başa düşür ki, vəziyyətdən çıxmasa, hər şeyini itirəcək. Yalnız bundan sonra o, uzun müddət bu haqda danışan “şahinlər”in səsinə qulaq asıb xüsusi əməliyyatdan total müharibəyə keçid istiqamətində ciddi addım atdı. Üstəlik, hesab edirəm ki, o, bunu çox həvəssiz, necə deyərlər, zorla, real şəraitin təsiri ilə, ətrafının bir hissəsinin böyük təzyiqi ilə edib”.
Sosialoq jurnalistin “ola bilərmi, Səmərqənddə keçirilən Şanxay qrupunun sammitinin uğursuz keçməsi, burada Putinə müharibəni hansısa yolla olursa-olsun, bitirmək çağırışlarının ünvanlanması də qərarın qəbul edilməsini sürətləndirə bilərmi? sualına belə cavab verib: “Mən bu fikirlə tamamilə razıyam. Mənə elə gəlir ki, Putin Səmərqənddə sadəcə onu başa düşürdü ki, onu artıq “axsaq ördək” kimi, uduzmuş, tükənmiş resursu olan bir insan kimi qəbul edirlər. Gördü ki, özünə münasibət dəyişib, artıq ona bir növ uğurlu fövqəldövlətin lideri, dünyanın yeni hegemonu kimi yox, müharibədə uduzmuş rəhbər kimi baxırlar. Düşünürəm ki, başqa bir amil də rol oynaya bilər: Putin Səmərqənddə Asiya liderlərinin ona qarşı belə münasibətindən o qədər hiddətlənib ki, hər şeyin onların düşündüyü kimi olmadığını hamıya nümayiş etdirmək qərarına gəlib”.
İqor Eydman hesab edir ki, səfərbərlik qərarında Putin yazın zamanlarda olacaq 70 illik yubileyinin də təsiri var: “O təbii ki, 70 illik yubileyini ölkə vətəndaşlarının gözündə müharibəni uduzmuş lider kimi qeyd etmək istəmir. Putin yubileyini yad torpaqları Rusiyaya birləşdirməyə çalışan, heç olmasa, bəzi yad əraziləri ələ keçirməyə çalışan imperator kimi qeyd etmək istəyir. O, dəfələrlə deyib ki, tarixi şəxsiyyətin uğurlarını Rusiyanın sərhədlərini genişləndirməyə nail olub-olmaması konteksindən qiymətləndirir. Putin bütün gücünü toplayıb əlverişsiz vəziyyətdən birtəhər çıxmağa, situasiyanın qalibi kimi görsənməyə çalışır. Düşünürəm ki, bütün bu səylər tamamilə mənasızdır və heç bir müsbət nəticə verməyəcək”.
– Artıq deyilib ki, son qərarlar Rusiya daxilində sabitliyin pozulmasına gətirib çıxara bilər. Yaranmış durumu necə qiymətləndirirsiniz: hakimiyyətin cəmiyyətdə siyasi dəstəyi azalacaq, yoxsa, bu barədə danışmaq hələ tezdir?
– Siyasi vəziyyət ötən illərdə baş verənkərdən o qədər də fərqlənmir. Rusiya vətəndaş cəmiyyətinin bəzi fors-major reaksiyaları olmasa, heç nə dəyişməyəcək. Çünki obyektiv olaraq Putin rejimi maksimum proqramını yerinə yetirə bildi, ölkə daxilində müqaviməti tamamilə yatırdı. İndi bəzi şəhərlədə nümayişlər keçirilir, bu, sadəcə olaraq, döyüşdən sonra yumruq atmağa bənzəyir. Ümumiyyətlə, hər şey artıq əzilib və nəzarət altında saxlanılır. Bununla yanaşı, Putin rejiminin əlində Rusiya Federasiyasına xarici təcavüzü tezisi də var. Çünki bu tezis məhz daxili müxalifətin yatırılmasına, Rusiya Federasiyasının işğalçı ölkəyə çevrilməsinə, o cümlədən Ukraynaya qarşı bu cinayətkar müharibəyə başlamağa imkan verdi”.
– Sizcə, repressiyalar artacaqmı?
– İndi repressiyalar tam güclənə bilər. Bizim vəziyyətimizdə 1937-ci il deyilsə belə, onun oxşaırıdır. Çünki hakimiyyətə məğlubiyyətlərinin günahını kiminsə üzərinə yıxmaq lazım gələcək. Eynən Sovet hakimiyyətinin etdiyi kimi, uğursuzluqlara və məğlubiyyətlərə görə günahlandırmağa düşmənlər lazım gələcək. Fevralın 24-dən sonra baş verən təzyiqlər yeni repressiya dalğasının proloqu ola bilər. Yeganə ümid odur ki, bu rejim Putinindir, ona çox yaşamaq şansı yoxdur o artıq məhvə məhkumdur. Onun Ukraynada tam məğlubiyyəti artıq zaman məsələsidir. Ümid edirəm ki, rejimin psixoloji, siyasi və hətta hüquqi cəhətdən tam hazır olduğu repressiya dalğasını həyata keçirməyə sadəcə vaxtları çatmayacaq. /azpolitika.info