Putinin qismən səfərbərlik etməsinin əsas səbəbləri məlum oldu (FOTO)

 

Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan etdi. Bunun bir neçə izahı var, amma ən əsası dünyanın “ikinci” ordusunun Ukraynadakı əvvəldən gözlənilən fəlakətli məğlubiyyətidir. Rusiya ordusunun Ukraynadakı məğlubiyyəti artdiqca gərginlik daxili siyasi müstəviyə keçir və Putinin hakimiyyətinə yaranmış təhlükəni artırır.
“Niyə qismən səfərbərlik?” sualının cavabı da elə bundadır. Belə ki, tam səfərbərlik faktiki hərbi vəziyyət deməkdir, bu isə öz növbəsində ordunun və bütovlükdə hərbi qanadın ölkəyə, siyasətə, hakimiyyətə təsirinin artmasıdır. Putinin təmsil etdiyi KGB-FSB oliqarxiyası üçün bu, ən yolverilməz ssenari demək olardı.

Odur ki, öz hakimiyyətini qorumağa çalışan casus komandası çox güman ki, buna Putini qurban verməklə nail olmağı planlaşdırır. Bu mənada da həmin komandanın özünün ən təhlükəli rəqibi olan orduya əlavə səlahiyyətlər verməsi öz məhvinə imza atmaq olardı. Qismən səfərbərlik də ilk növbədə bununla izah edilə bilər.

Amma yeganə səbəb hakimiyyətdaxili mübarizə deyil, həm də hətta qismən səfərbərliyə də qarşı Rusiyanın böyük şəhərlərində başlayan etirazlardır. Etirazlar isə bütün kriminal-kreptokratik rejimlər üçün ən böyük təhlükə mənbəyidir. Daha bir səbəb isə tam səfərbərlik üçün həm də rəsmi müharibə elan olunması zərurətidir.

Bu da Kremlin bugünkü sahibləri üçün başqa bir yolverilməz hal olardı. Müharibə elan olunması onsuz da beynəlxalq təcridə məruz qalan Moskvaya qarşı daha sərt addımların atılmasına rəvac verərdi. Rusiyanın dünyadakı rəqibləri isə buna çoxdan hazırdır və bu halda artıq müharibə təsisatları var gücü ilə işə düşəcək.

Beləliklə, Rusiyada onun Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində baş verə biləcək siyasi gərginlik öz qızmar fazasına keçməkdədir. Görünür, elə həmin səbəbdən də Rusiya Daxili İşlər Nazirliyi də ölkədəki sabitliyi təmin etməyə cəlb olunub. Bu barədə artıq sosial mediada müvafiq sənədin surəti də paylaşılıb.

Sənədin nə dərəcədə orjinal olub-olmaması tam aydın olmasa da, hər bir halda artıq başlayan və hələlik azsaylı olan etirazların sonradan mütəşəkkil ümumrusiya xarakteri alması istisna deyil.

Dünyanı nüvə silahı ilə təhdid edən Putinin və onun komandasının daha çox daxili durumdan narahatlığı göz önündədir.

Bu da təbiidir, çünki Rusiya tipli rejimlərin ən qatı düşməni onların onilliklər boyu düşmən kimi davrandığı xalqlarıdır. Amma atılan və atılacaq bütün preventiv addımlara rəğmən Rusiyanın qeyri-sabitlik burulğanına daxil olacağı artıq obyektiv reallıqdır. Bundan qismən qaçmağın yeganə yolu Putinin hakimiyyətdən kənarlaşdırılmasıdır.
Bunun da yaxın zamanlarda baş verəcəyi qaçılmazdır, çünki Rusiyanın buna alternativ ola biləcək yolu kimi daxildə sərt rejim tətbiq etmək üçün də resursları tükənməkdədir. Qaldı Putinin hansı şəkildə yola salınmasına bu, artıq texniki məsələdir. Rus dövlətinin belə işlərdə azı 300 illik təcrübəsi var.

Bəs Putin hakimiyyətdən kənarlaşdırılacağı halda bu, daxildə və ya Ukrayna cəbhəsində dönüş yarada biləcəkmi? Yüksək ehtimalla yox, çünki Ukraynanın öz torpaqlarını işğaldan tam azad etməkdə israrlı olması Rusiya ordusunun məğlubiyyətinin davamı, bu da öz növbəsində daxili gərginliyin artması demək olacaq.

Putin rejimin çöküşü və hətta onun dekorativ dəyişikliyi belə Rusiyanın postsovet ölkələrdəki, o cümlədən də Azərbaycandakı əlaltılarının da məğlubiyyətinə yol açacaq. Bu da postsovet məkanda yeni ictimai-syasi eranın başlanğıcı üçün şans demək olacaq. Şans isə hələ heç də mütləq baş verəcək reallıq demək deyil.

Ərəstun Oruclu, politoloq

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password