Ermənilər səksəkə içində: – Hansı xəritədən istifadə olunacaq?

 

Azərbaycan prezidenti İlham Əliyev Laçın şəhərinə üçrəngli bayrağımızı sancdıqdan sonra çıxışında İrəvan tərəfindən ölkəmizə qarşı səslənən bütün fikirləri ifşa etdi. Prezident bildirdi ki, İrəvanın Azərbaycanı işğalçılıqda ittiham etməyə heç bir əsası yoxdur. Ermənistanın iddia etdiyi Azərbaycanla sərhəd xəttində əslində ötən 30 ildə heç bir inşa işləri aparılmayıb.

Mövzu ilə bağlı fikirlərini açıqlayan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, cənab prezident bu çıxışı ilə İrəvanın revanşist siyasətini ifşa etdi:

“Dövlətimizin başçısı göstərmək istəyir ki, əslində Ermənistan özü də hansı siyasəti apardığını bilmir, bu səbəbdən özünü biabır edir. İrəvan keçmiş və indiki hakimiyyətinin əsas məqsədi Azərbaycan torpaqlarını Ermənistana qatmaqdır. Onlar bunu müxtəlif formalarda təqdim edirlər. Ona görə SSRİ dövründə müəyyən edilmiş, 1991-cı ilə qədər mövcud olmuş sərhədləri hüquqi sərhəd kimi tanımaq istəmir. Hələ sovet dövründə əvvəlcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, sonra da ətraf əraziləri Ermənistana birləşdirmək barədə fikirləşiblər. Həmin ərazilərin işğalından sonra isə Ermənistanla Dağlıq Qarabağ arasında sərhədə ehtiyac duymayıb və bu xətti götürüblər”.

Hazırda torpaqlarımızın azad olunduğunu, sərhədlərin isə açıq qaldığını bildirən politoloq vurğuladı ki, rəsmi Bakı onlara sərhədlərin delimitasiyası ilə bağlı təkliflər verib:

“Onlar deyir ki, Azərbaycan Ermənistan sərhədlərini pozub. Əslində bu absurd fikirdir. Nikol Paşinyana qədər bütün dövlət rəhbərləri Qarabağla Ermənistan arasında heç bir sərhəd xəttinin olmadığını bəyan ediblər. Hətta Paşinyan 44 günlük müharibədən bir qədər əvvəl “Artsax Ermənistandır! Nöqtə!”, – deyə bəyənat səsləndirdi. Onların fikrincə, Artsax təkcə Dağlıq Qarabağdan ibarət deyil. Qarabağ ətrafındakı geniş ərazilər də bu quruma daxildir və hamısı Ermistana aiddir. Amma ermənilərdən ərazi bütövlüyü məfhumunun nə olduğunu soruşsaq, cavab verə bilməyəcəklər. Əgər onlar SSRİ dövründə mövcud olmuş sərhədlərin yenidən bərpasını istədiklərini söyləsələr, bu, Ermənistanın ərazi bütövlüyünü əhatə edən bir məfhum olacaq. Yox, əgər sovet xəritələrini əsas götürmək istəyirlərsə, bunu açıq şəkildə bəyan etməlidir. Onlar hansı sovet xəritəsini əsas götürəcək? 1920, 1921, 1929, 1945 və 1972-ci illərə aid xəritələr var. Şərti olaraq hansı ərazinin özlərinə məxsus olduğunu deyə bilərlər. Rəsmi Bakı bütün danışıqlara hazırdır”.

Keçmiş nazirin sözlərinə görə, İrəvanın Bakıya qarşı səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur:

“Əgər bölgədə iki dövlət varsa, ərazi bütövlüyünü təmin edən bir xətt olur, bu da sərhəddir. Ermənistan ərazi bütövlüyümüzü tanımırsa, deməli, SSRİ dövründə müəyyən olunmuş sərhədləri də qəbul etmir. Əgər kimsə bizdən bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı istəyirsə, o zaman bəzi suallarımıza cavab verməlidir. Ermənilər dövləti hansı sərhədlər daxilində tanıyır və qəbul edirlər? Onlar özləri də bu suala cavab vermək istəmir. Əslində Ermənistan 30 il əvvəl olduğu kimi, indi də müharibə yolu ilə sərhədlərini qurmaq istəyir. Biz də bunu müharibə ilə müəyyən etməyə hazırıq. Əgər danışıqlar yolu ilə bunu istəyirlərsə, onda buna hazır olduqlarını bəyan etsinlər. Nəhayət, Ermənistanı hansı sərhədlər daxilində görmək istədiklərini bildirsinlər”/publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password