Səfirliklərimizi mühafizə edən polislər hücum zamanı hara yoxa çıxır?
Son dövrlər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumların sayı kəskin artıb.
Xaricdəki səfirliyimizə ilk hücum avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınıb. Gündüz saatlarında hücum təşkil edən radikal dini qruplaşmanın üzvləri diplomatik korpusun içinə daxil olub, binada dağıntılar törədib, daha sonra pəncərəyə çıxaraq, Azərbaycana qarşı hədələyici və dini şüarlar səsləndirmişdilər. Maraqlıdır ki, radikallar binaya daxil olarkən diplomatik korpusun xaricdən mühafizəsini təmin etməyə borclu olan ingilis polisi qeybə çəkilmişdi. Düzdür, rəsmi Bakının səfirliyə hücumu ədalətli araşdırılması ilə bağlı verdiyi bəyanatlardan sonra İngiltərənin hüquq-mühafizə orqanları 8 nəfəri saxlasa da, bu rəsmi Londonu məsuliyyətdən azad etmir. Vyana Konvensiyasına görə London radikalların səfirliyə daxil olmasının qarşısını almağa borcludur. Nəinki hücuma görə, səfirliyin binasına digər yollarla daxil olmaq istəyən şəxslərə belə xüsusi prosedur tətbiq olunmalıdır.
Londondakı səfirliyimizə radikal dini qruplaşmanın üzvləri hücum etmişdisə, Azərbaycanla Ermənistan arasında yaşanan sərhəd gərginliyindən sonra erməni təşkilatları ölkəmizə qarşı sistemli təxribata başlayıb. ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri sentyabrın 15-də Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya keçirib. Aksiya iştirakçıları Azərbaycanın dövlət himni, hərbi marşlar və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla qarşılaşıblar. Ermənilərin aksiyası səfirliyimizə hücum xarakterli olub. Onlar Azərbaycan səfirliyinin binasına yaxınlaşa biliblər. Amma səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, onların səsləndirdikləri şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər. Bir müddət sonra aksiyaçılar plakatlarını qoyaraq ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar.
Maraqlıdır ki, ermənilərin səfirliyin qarşısında keçirdiyi hücum xarakterli aksiyaya ABŞ polisi müdaxilə etməyib. Əslində ABŞ hakimiyyəti Vyana Konvensiyasına görə Azərbaycanın Vaşinqtondakı səfirliyinin mühafizəsini təşkil etməyə borcludur.
Ötən gün isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışıblar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı ölümlə üz-üzə qalaraq, gözü dönmüş radikal ermənilərin binaya daxil olmasına imkan verməyib. Hücumun ardından Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz “Twitter” hesabında prezident Emmanuel Makrona xitabən “səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun” yazıb.
Bəs Vyana Konvensiyasına görə diplomatik korpusun mühafizəsini təşkil etməyə borclu olan Fransa polisi Azərbaycan səfirliyi hücuma məruz qalanda harada idi?
Bu gün Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib. Fransanın Azərbaycandakı səfirinə Vyana Konvensiyasının səfirliklərin mühafizəsi ilə bağlı qəbul edilən bəndi xatırladılıb. Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.
Qeyd edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin etməlidir. Amma ABŞ, Fransa və Böyük Britaniyada Azərbaycanın səfirliklərinin mühafizəsi müzakirə mövzusu olanda bu Konvensiyanın müvafiq bəndləri işləmir və qeyd edilən dövlətlər həmin bəndlərin icrasında maraqlı olmur.
Sual yaranır: ABŞ, Böyük Britaniya və Fransa hakimiyyətlərinin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı müəmmalı laqeydliyi nədən irəli gəlir? Necə olur ki, Avropa qitəsinin və Şimali Amerika materikinin təhlükəsizliyi ilə öyünən dövlətləri Azərbaycan səfirliyinin mühafizəsini təmin etməkdə aciz qalır?
Qeyd edilən dövlətlərin Azərbaycanın diplomatik korpuslarının mühafizəsinə qarşı sərgilədiyi laqeyd münasibət fonunda başqa bir sual ortaya çıxır: Əgər Fransa, ABŞ və Böyük Britaniya səfirliklərin mühafizəsini təmin edə bilmirsə, Azərbaycan niyə analoji addımı atmalıdır? Vyana Konvensiyasına əməl etmək yalnız Azərbaycanın məsulliyyətidir?
Azərbaycanda qeyd edilən ölkələrin səfirliklərinə təxribatçılar tərəfindən hücum edilsə, həmin dövlətlərin rəsmiləri bütün beynəlxalq təşkilatları ayağa qaldırar ki, “Azərbaycan öz öhtəliklərini yerinə yetirmir”.
Rəsmi Bakının xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin mühafizəsinə göstərdiyi həsas münasibətdən aydın olur ki, Azərbaycan bütün mövzularda olduğu kimi səfirliklərin mühafizəsi məsələsində də beynəlxalq konvensiyaları əsas götürür, qarşılıqlı öhdəliklərə məsuliyyətlə yanaşır. Bu səbəbdən, Azərbaycanın diplomatik korpuslarının olduğu ölkələrin hakimiyyətlərindən də eyni həssaslığı nümayiş etdirməyi tələb etməyə haqqı var. Ümid edək ki, Azərbaycanın diplomatik korpuslarına qarşı törədilən vandallıq aktları ədalətlə araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək. Əks halda, analoji hallar yenidən təkrarlana bilər. Belə halların təkrarlanması təxribatın baş verdiyi dövlətlə Azərbaycan arasında uzun illərdir mövcud olan mehriban münasibətlərə, ikitərəfli əlaqələrə, qarşılıqlı etibara ciddi zərbə olar./trend.az