“Azəristiliktəchizat”la “Azəriqaz” arasında yeni razılıqlar əldə edildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yeni istilik mövzümü ilə bağlı bir sıra razılıqlar əldə edilib.
Bu barədə “Azəristiliktəchizat” ASC-dən bildirilib.
Belə ki, iki qurumun rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev bəzi proseslərin qarşılıqlı razılaşma yolu ilə icra olunmasına dair çıxış edib. O, cari ayın sərfinin müəyyən olunması üçün sayğac göstəricilərinin növbəti ayın ilk 5 günündə götürülməsi təklifini irəli sürüb.
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu məsələdə lazımi dəstəyin veriləcəyini diqqətə çatdırıb. Bundan əlavə, sayğaclar dövlət yoxlamasından keçirilən zaman “Azəristiliktəchizat” ASC-nin nümayəndəsinin də bu prosesdə iştirakının təmin olunması ilə bağlı müraciət olunub. Birlik rəhbəri bunun hər bir istehlakçının hüququ olduğunu qeyd edərək, istənilən müraciətin Birlik tərəfindən təmin edildiyini vurğulayıb.
R. Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycanda istilik mövsümü noyabrın 15-dən başlayır. Qurumun verdiyi məlumatda 2022-2023-cü illər payız-qış mövsümündə Bakıda və regionlarda balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binası, 280 məktəbi, 160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi, 2 052 sosial və təsərrüfat obyektininin istiliklə təmin ediləcəyi bildirilib.