Nensi Pelosi Ermənistanın 30 illik işğalçılığı dövründə niyə səsini çıxartmadı?
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Sentyabrın 17-də başlayan və 3 gün davam edəcək səfər ciddi rezonans doğurub. Pelosi sentyabrın 18-də Ermənistan parlamentinin spikeri Alen Simonyanla keçirdiyi görüşdən sonra Azərbaycan əleyhinə kəskin bəyanatlar verib. O, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında sentyabrın 12-14-də baş vermiş sərhəd toqquşmaları barədə danışarkən, günahkar qismində Azərbaycanı göstərib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə açıqlamasında bildirib ki, Nensi Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir.
“Bir müddət öncə Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirmişdi. O növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərdi.
Heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır. Artıq 85 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir.
Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfər zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir”, – deyə deputat bildirib.
O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı, Azərbaycana səfər etmədi, ölkəmizə dəstək nümayiş etdirmədi, Azərbaycanlılara qarşı erməni vəhşiliyini pisləmədi?
Əgər Pelosi haqqın və ədalətin tərəfdarıdırsa ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məskənlərini, infrastrukturu, qəbirləri, dini-tarixi abidələri dağıdarkən niyə bu vəhşiliyi pisləyən bəyanatlar vermədi?
Azərbaycan 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışdı. Ancaq Ermənistan hər zaman bu cəhdləri pozdu. Nəhayət Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yetirərək torpaqlarını azad etdi. Həmin dövrdə biz Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmadıq. Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanşamanın nümayiş etdirilməsinin səbəbi nədir?
Tarixdən hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımı məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane olur”, – deyə o əlavə edib./trend.az