Eks-nazirin məhkəməsi: Saxta şirkətlərə köçürülən pullar…

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində şahidlər dindirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Könül Xudiyeva bildirib ki, “Röya 2014”, “İnci” və “Buğday 2014” adlı MMC-lər yaradaraq tenderlərin qalibi olub:

“Hazırda gözəllik salonunda işləyirəm. Bu şirkətləri ailəmi dolandırmaq üçün açmışdım. Bütün əməliyyatları mənim adımdan baş etibarnamə ilə Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anam Nəzakət Kərimova həyata keçirib”.

Digər şahid Ülviyyə Məmmədovanın sözlərinə görə, 2012-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində baş mühasib işləyib:

“Şirkətlər arasında bağlanan müqaviləyə görə əldə olunan gəlirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verirdim. Onun tapşırıqlarını yerinə yetirirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya onun xidməti otağında verirdim”.

Şahid Nəzakət Kərimova isə Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı otkat əməliyyatlarından danışıb:

“Mən 2007-2016-cı illərdə Əlillərin Bərpa Mərkəzində baş mühasib işləmişəm. Şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin müdriyyətinə verilirdi. Mənə tapşırıqları rəhbərimiz İlqar Qurbanov verirdi”.

Sonra şahid qismində Ənvər Məhərrəmov dindirilib. Hakimin suallarını cavablandırarkən məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi qalıq şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdıb və burada toplanaraq baş mühasib tərəfindən rəhbərliyə çatdırılırmış.

“Mən cənazə daşıyan sürücü işləyirəm. Bu məsələlərə Vüqar adlı dostum qoşdu. Sonralar mənim adımdan həyata keçirilmiş əməliyyatlardan xəbəri olmadı. “Təchizat”, “Star” və “Uğur-S 2013″ şirkətlərinin adımda olmasını yalnız istintaqa çağırılandan sonra bilmişəm”.

Daha sonra şahidlər – Şahid Camaləddin İsmayılov, Vidadi Nəbiyev və Mir Sahib Həsənov eyni epizodlar üzrə məhkəməyə ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password