Nazirliyin “eyhamı”: manat bahalaşa bilər? – Ekspert
Ölkəmizdə valyuta bazarı inzibati yolla tənzimlənir. Yəni manatın dəyəri sərbəst üzən məzənnə rejimi əsasında təşəkkül tapmır. Bu da onunla əlaqədardır ki, valyuta gəlirlərimiz diversifikasiya olunmuş ixrac məhsulları əsasında formalaşmır.
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov Maliyyə Nazirliyinin manatla bağlı açıqlamasını şərh edərkən deyib.
“Mərkəzi Bankın beynəlxalq ehtiyatları valyuta bazarımızda sabitliyin qorunub saxlanması üçün qarant rolunu oynayır və bu mənada olduqca mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desəm, sözügedən ehtiyatlar nə qədər çox olarsa, manatın sabit qalması bir o qədər təhlükəsiz xarakter daşıyacaq.
Hazırda vəziyyət ondan ibarətdir ki, valyuta gəlirlərimiz valyuta xərclərimizdən çoxdur və bu da manatın möhkəmlənməsini şərtləndirir. Çünki neftin qiyməti büdcədə nəzərdə tutduğumuzdan bahadır və bu vəziyyət uzun müddətdir ki, belədir. Üstəlik, inflasiya ilə əlaqədar ölkədə sərt pul-kredit siyasəti həyata keçirilir.
Bütün bunlar, təbii ki, idxal mallarının daxili bazarda dominantlığı üçün təminat yaradır. Belə şəraitdə isə yerli istehsalçıların “əl-qolu” bağlanır.
Lakin sual edirəm, bunun başqa yolu varmı?! İnflyasiya rəsmi olaraq 13 faizin üstündədir. Ərzaq inflyasiyası 20 faizi keçib. Bugün bütün inkişaf etmiş ölkələrdə sərt pul-kredit siyasəti həyata keçirilir – mərkəzi banklar uçot dərəcəsini artırırlar. Odur ki, hazırki şəraitdə bazarı qorumaq deyil, tənzimləməyə zərurət vardır. İxracı stimullaşdırmaq üçün tədbirlər müvəqqəti olaraq arxa plana keçmiş sayılır. Bu mənada manatın ucuzlaşdırılacağından ümumiyyətlə söhbət gedə bilməz, bahalaşmasına isə imkan verilməyəcək”, – ekspert bildirib./axar.az