Blinkendən sərhəd toqquşması ilə bağlı şok açıqlama
Biz həmişə narahatıq ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün hansısa şəkildə yanğını körükləməyə çalışacaq.
Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, ABŞ Rusiyanın Ermənistanla Azərbaycan arasında döyüşlərə son qoymaq üçün təsirini müsbət addım hesab edəcək.
“Ancaq əgər Rusiya həqiqətən də vəziyyəti normallaşdırmaq, zorakılığı dayandırmaq və sülhün bərqərar olması, xeyirxahlıq üçün öz təsirindən istifadə edə bilsə, bu, müsbət olardı”, – Blinken bildirib.
“Biz yenə də heç kimin maraqlarına uyğun olmayan hərbi əməliyyatların başladığını görürük. Bu, Azərbaycan xalqının da, Ermənistan xalqının da və əlbəttə ki, bütün regionun da maraqlarına uyğun deyil”, – Blinken vurğulayıb.
O xatırladıb ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb və onları istənilən münaqişədən uzaqlaşmaq və ölkələr arasında uzunmüddətli sülhün bərqərar olunması üzrə danışıqlara qayıtmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb:
“Xüsusi elçimiz hazırda regiondadır. O, hər iki dövlətlə işləyir. Gələcəkdə də onunla sıx əlaqə saxlayacağam. Ümid edirəm ki, bu vəziyyətdə biz münaqişədən uzaqlaşaraq danışıqlar masasına və sülhün bərqərar edilməsi cəhdlərinə qayıda biləcəyik”./axar.az