Türkiyəyə qarşı ikinci cəbhə açmaq planı… – Yalçın Sarıkaya
Türkiyənin Giresun Universitetinin müəllimi, professor Yalçın Sarıkayanın müsahibəsi:
– Yalçın bəy, son dövrdə Yunanıstanın Türkiyəyə qarşı təxribat xarakterli addımları artıb. Sizcə, bunun səbəbləri nədir?
– Yunanıstanla bağlı baş verən prosesləri ABŞ-ın Türkiyə siyasəti ilə birlikdə dəyərləndirmək lazımdır. İki dövlət arasındakı münasibətlərdə dərinləşmiş, ancaq uzun zamana yayıldığı üçün unudulan böhran vəziyyəti var. Türkiyə ABŞ-ın Suriya və İraq siyasətini həyati mənfəətləri baxımından təhdid olaraq görür. Hazırda Vaşinqtonda qərarvericilər, xüsusilə Pentaqonun başında olduğu bürokratik və siyasi qruplar indiki mərhələdə Türkiyəyə qarşı daha təsirli, təşkilatlanmış və israrlı şəkildə fəaliyyətlərini davam etdirirlər. Dolayısı ilə Ankara və Afina münasibətlərinin daha da gərginləşməsinin səbəbi budur. Fransanın dövlətimiz əleyhinə təkrarlanan çıxışları isə ABŞ-a dəstək verilməsi üçün AB və ölkə daxilində ictimai rəyin formalaşdırılmasına hesablanıb. Türkiyənin İraqda uzun müddətdir ki, terrorla mübarizə apardığını hər kəs bilir. Digər tərəfdən Suriyada da bütün eniş-yoxuşlara rəğmən Rusiya ilə davam edən əməkdaşlıq və terrorizmlə mübarizə var. Ankara buralardakı işini bitirmədən, sərhədlərinin təhlükəsizliyini zəmanət altına almadan Suriya və İraqdan çıxmaq niyyətində deyil. Çünki bəhs etdiyimiz bölgələrdən ABŞ və Rusiyaya yox, Türkiyəyə qarşı hücumlar olur. Beləliklə, görülən işlərin bitirilməsini gecikdirməyin yolu ölkəmizə ikinci, hətta üçüncü cəbhənin açılmasıdır. Yunanıstan bunun üçün olduqca əlverişli vasitədir. İndiki məqamda Ukrayna müharibəsinin səbəb olduğu enerji böhranının yaxın zamanda həll edilməsi yox, dərinləşməsi gözlənilir. Hazırda isə xüsusilə Avropanın cənubunun enerji ehtiyacı Türk Axını, TANAP və TAP vasitəsilə təmin edilir. Əslində bu, öz-özlüyündə Avropanın Yunanıstanı ciddi xəbərdar etməsi üçün kifayət qədər önəmli səbəbdir.
– Yunanıstanın Türkiyəyə qarşı vasitə kimi istifadə olunduğunu qeyd etdiniz. Bəs sizcə, Afina təxribatlarla hansı məqsədi güdür?
– Afina beynəlxalq müqavilələrdə də təsdiq edilmiş şəkildə özünün suverenliyi altında olmayan adalara insanları yerləşdirir və silah-sursat daşıyır. Eyni zamanda beynəlxalq müqavilələrə görə Yunanıstanın suverenliyi altında olan bəzi adaların tamamilə silahsızlandırılması lazımdır. Lakin Afina qanunsuz şəkildə tamamilə əks istiqamətdə addımlar atır. Əlbəttə ki, Türkiyədəki əvvəlki hökumətlərin də bəhs etdiyimiz məsələlərdə xətaları olub. İndi isə Ankara Yunanıstanın atdığı addımları izləyir, qarşı tərəfə dəfələrlə rəsmi şəkildə xəbərdarlıq edir və hərbi vəziyyətə uyğun olaraq yeni yol xəritəsi, hərəkət qaydaları tətbiq edir. Əslində, iki dövlət arasında kontinental şelf, ərazi suları və s. kimi klassik problemlərin heç biri həllini tapmayıb. Lakin Afina başqa aktorlara arxalanaraq faktiki vəziyyət yaratmağa çalışmaqla problemlərin həllinə nail ola bilməz. Ayrıca Yunanıstan Şərqi Aralıq dənizi qaz kəmərinin (EastMed pipeline) çəkilməsinin təxirə salınması ilə Türkiyə və İsrail münasibətlərinin normallaşmağa başlamasından çox böyük narahatlıq duyur. Ona görə Afina münasibətlərin daha da irəliləməsinə, yeni enerji xətlərinin layihələndirilməsinə və Şərqi Aralıq dənizində sektorlarla bağlı yeni müqavilələrin imzalanmasına fürsət vermək istəmir. Bu səbəbdən də Yunanıstan mütəmadi şəkildə qarşıdurma siyasəti aparır./axar.az