Ermənistanı təxribata kim çəkir: Qərb, yoxsa…
ABŞ və Rusiyanın Cənubi Qafqazda rəqabət və bütövlükdə təsir dairələri uğrunda mübarizə aparması göz qabağındadır. Ancaq Rusiya burada daha rəngarəng formalarla çıxış edir və Ermənistanı təsiri altında saxlamağa çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü və hərbi strateji əməkdaşlığa dair müqavilənin tərəfdaşı kimi Rusiyanın Ermənistana qarşı əlində təsir rıçaqları daha çoxdur.
Bu sözləri Ermənistanın Azərbaycana qarşı sərhəddə son təxribatı haqda danışan professor Qabil Hüseynli deyib.
“Ermənistan artıq 15 günə yaxındır ki, atəşkəsi pozaraq Azərbaycanı təxribata cəlb etməyə çalışır. Bütün bunlar Ermənistanın kiminsə göstərişi ilə Azərbaycana qarşı irimiqyaslı təxribat hazırladığını göstərir. Bundan əvvəl Paşinyan Uzaq Şərqdə keçirilən iqtisadi forumda Putinlə görüşüb ətraflı müzakirələr aparmışdı.
Amerika da son zamanlar Ermənistana qarşı müəyyən təlqin və şirnikləndirmələr edir. Bunlar isə böyük dövlətlərin öz siyasi ambisiyalarını reallaşdırmağa çalışdıqlarını göstərir. Onlar apardığı destruktiv siyasətlə tərəflər arasındakı qarşılıqlı anlaşmanın dərinləşməsinə imkan vermir. Həm də sülhyaratma prosesi yolunda ciddi əngəllər yaradır. Buna görə belə demək olar ki, atəşkəs rejiminin pozulmasında həmişə təşəbbüskar kimi çıxış edən Ermənistanın ötən gecə irimiqyaslı təxribat hazırlaması kimlərinsə sifarişini həyata keçirmək və ya arxayınlaşdırmaq arzularından irəli gəlir.
Öz növbəsində bu proseslər Brüssel xətti və AB vasitəçiliyi ilə aparılan sülhyaratma prosesinə əngəl yaradır”, – o bildirib.
Q.Hüseynlinin sözlərinə görə, Ermənistanı qızışdıran qüvvələrin olmasını təsdiqləyən məlumatlar var:
“Paşinyanın gecə saatlarında Putinə zənginə dərhal cavab verilməsi, Mirzoyanın da Lavrovla danışması, Putinin göstərişi ilə Gerasimovun müəyyən tədbirlər görmək üçün hərəkətə keçməsi və s. kimi məsələlər bu qəbildəndir. Zənnimcə, bu qüvvələrin başında məhz Rusiya gəlir. Çünki ABŞ-la rəqabətdə olan Rusiya Ukrayna cəbhəsindəki ardıcıl məğlubiyyətlərdən sonra bu bölgədə müəyyən qarşıdurma yaratmaqla hansısa arzularının reallaşmasına şərait yarada bilər.
Təbii ki, bu məsələdə Ermənistanın daxili revanşist qüvvələrinin rolu da az deyil. Onların demək olar ki, hamısı Rusiya kəşfiyyat idarəsinin təsiri altındadır. Bu qüvvələr arasında hələ də Ermənistan Müdafiə Nazirliyində çalışan bir sıra generallar və yüksək komanda heyətləri var”./axar.az