İrəvan sərhədlə bağlı xəritələrdən “imtina edir”…

 

Paşinyan yəqin ki, “hüquqi qüvvədə olan sənədlər” dedikdə SSRİ-nin dağılması ərəfəsində Azərbaycan və Ermənistan arasında olan sərhədi nəzərdə tutur. Lakin elə İrəvanın özü bu hüquqi bazanı pozaraq ölkəmizin ərazisini işğal edib. Ona görə Paşinyan tələblərində haqsızdır.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Vladivostokdakı erməni icması ilə görüşündə sərhədlərin müəyyənləşməsi ilə bağlı müxtəlif xəritələrdən yox, “hüquqi qüvvədə olan sənədlərdən” istifadə olunması tərəfdarı olduğunu bildirməsini şərh edən politoloq, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan vaxt itirmədən Azərbaycanın qalib dövlət kimi diktə etdiyi gerçəkliyi qəbul etməlidir:

“Azərbaycan isə AXC-nin hüquqi varisi olduğu üçün həmin dövrdə Millətlər Cəmiyyəti tərəfindən də tanınmış sərhədlərimizin bərpasını tələb etmək hüququna malikdir. Həmin dövrün xəritələri indi də mövcuddur. Sözügedən xəritələrdə Zəngəzur da Azərbaycan Cümhuriyyətinin ərazisinə daxildir. Paşinyan daxili auditoriya və erməni diasporu üçün çox şey danışa bilər. Lakin erməni siyasətçiləri də özləri dəfələrlə etiraf ediblər ki, İrəvan Bakının irəli sürdüyü təklifləri qəbul etmədiyi zaman daha ağır şərtlərlə üzləşməyə məcbur olur. Vəziyyətin belə cərəyan etməsinin səbəbkarı elə Ermənistanın özüdür. Levon Ter-Petrosyan 1992-ci ilin 5 martında “Komsomolskaya Pravda” qəzetində dərc olunan müsahibəsində danışıqların başlaması üçün Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməyəcəyi halda gələcəkdə Bakıya yalvaracağını vurğulamışdı. İndi həmin dövr yetişib. Ermənistan dövləti və ictimaiyyəti bu həqiqəti nə qədər tez dərk etsə, onlar üçün daha yaxşı olar”.

Qeyd edək ki, Paşinyan 8 sentyabrda Vladivostokdakı erməni icması ilə görüşü zamanı delimitasiya və demarkasiya prosesinin 1921, 1923, 1975 və ya 1969-cu il xəritələri ilə həyata keçirilməsi haqda müxtəlif fikirlər səsləndiyini, lakin sözügedən məsələ ilə bağlı işlərin hüquqi qüvvədə olan sənədlər vasitəsilə gerçəkləşdirilməli olduğunu deyib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password