İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
– Əziz idmançılar, əziz dostlar.
Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.
Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq.
Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.
Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.
Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm.