Səbinə Tağıyevadan yeni tarixi hekayə – C Ü L U S                        

 

C Ü L U S

(hekayə)

Barmaqları xəttlərin üzəriylə vərəqlərin kənarları boyu çəkilmiş xırda butalara doğru sürüşdü. Butalar hər toxunuşdan incindi, inildədi, soldu. Nə isə soldu. Şüşələrdən içəri süzülən gün işığı saatlardı harasa qeyb olmuşdu. Bəs solan nə idi? Yazılarmı, nəqşlərmi? Hıçqırıqlar quyuya düşdü. Kimsə içini çəkdi,- hiiii… – Sultan Ağa bəyim idi, tanıdı. Dalıyca,-Tanrı dərgahına qovuşdu deyən səs eşidildi.

Bu nə söz idi, bu nə səs idi, İlahi? Gənc vücudunu sarmalayan titrəyişə yenilmədən əlini mizin üstündən çəkdi. Atasının asudə vaxtlarını keçirdiyi- miniatür, xəttatlıq kimi sənət nümunələri, qələm və boyalarla zəngin guşədən ox kimi sıyrılıb içəri  daldı. Şahın istedadını ortaya qoyduğu bu guşə arakəsməylə yataq otağından ayrılmışdı. “Öldümü?” –içini gəmirən suala həkim Əbu Nəsr Gilaninin köməkçisi ilə himləşib otağı dalı-dalı tərk etməsi cavab verdi. Anası və şahın digər xatunları qızarıb-şişmiş nəmli gözlərini ona zilləmişdi. Yeriyib həkimbaşının az əvvəl şahın üzünə çəkdiyi örtüyü geriyə dartdı. İmamın sakit-sakit Quran zümzüməsini eşitmədən zəhmin arxasında mehribanlığı gizlin çöhrəyə- yumulmuş göz qapaqlarından topa, ağarmış saqqalacan diqqət kəsildi. Gözlərindən süzülən yaş şahın üzünə düşüb yanağı boyu yuvarlandı. Əlini axtardı, əlini. Bir də gördü ovcundaymış. Nə vaxt tutmuşdu bu əli, xatırlamadı. Amma iri daşlı üzük ovcunun içinə ağrıdacaq qədər sıxıldığından barmaqlarını boşaltdı. Öpdü, hələ hənirtisi keçməyən damar-damar, dərisi qırışmış əldən. -“Ey səxavətli əl, daha səni öpəcəyim yox. Ey qoca adam, mərhəmətli ata, ədalətli hökmdar! Daha divanxanada gözün arxa yanında qərarlaşmış sevimli oğlunu axtarmayacaq, gördüyündə məmnun ifadəli baxışların ruhuma rahatlıq bəxş etməyəcək.”

-Şahzadə! –anasının hüzünlü mızıldamasına diksindi. Sübh şəfəqi doğmaq üzrəydi. Nə müddətdi burada qaldığını kəsdirəmmədi. Ətrafda yeni bir hərəkətlənmə duydu. Qolundan dartan etibarlı ələ təslim ayaqları onu başqa bir guşəyə çəkdi.

-İşlər tamamdır.- deyən anasına təəcüblə baxdı. “İş,nə iş?” Hə, yadına düşdü, axı o vəliəhddir, şahın xələfi.

-Cənnətə qovuşmuş hökmdarımız ölüm yatağındaykən səni vəliəhd təyin edən vəsiyyətnamə buraxmışdır, şahzadə.- Toxmaq xan Ustaclı qarşısında hörmətlə əyildi. Əlindəki möhürlü vəsiyətnaməni təqdim etdi. Şübhəylə oxudu, atasının xətt nümunələrini xatırlayıb özlüyündə tutuşdurmağa çalışdı. Oxşayırdı da. Amma sarayda bu qədər usta xəttatlar varkən oxşatmaq da olardı. İçindəki şübhələr haqsız deyildi. Əgər atası döğrudan da belə vəsiyyətnamə qoymuşdusa, Sultanım Şahbanudan olan oğlu İsmayılı qorumaq üçun Qəhqəhəyə yolladığı əlavə qüvvələr nəydi? Murad xan Ustaclını, Piri bəyi əyalətlərə göndərib, ən güclü tərəfdarı Hüseyn bəy yüzbaşıya uzaq tapşırıqlar verməklə Heydərin ətrafını zəiflətmək nəydi? Bilmirdimi ki, sarayı mühafizə edən bu qədər qorçu içində ona müxalif ağalar qərarlaşıb? İnansınmı bu dəst-xəttə? Guya inanmasaydı nolacaqmış ki? Nə vaxtdır bu günün xəyalıyla qovrulmurdumu? Budur, bu da səadət quşu. Əlahəzrət xalçası üzərində dayanan, yerdən bir qədər hündür olan hökmdar taxtına müşaiyət olunurdu. Əmlak nəzarətçisi Xacə Əbülqasım, məmləkət vəziri Mirzə Hayətullah, Azərbaycan vilayəti vəziri Xacə Qasım Əli, atasının kiçik vəzir adlandırdığı Əhməd bəy Ləşkərnevis, saray nəzarətçisi Vəli bəy Əfşar və digərlərinin qarşısında vəsiyyətnamə oxundu. Heydər Mirzə şahlıq tacını geyindi. Əbədiyyətə qovuşduğu çoxundan gizlədilən Şah Təhmasibin şəmşiri əlləri üstünə verildi. Müdhiş gecənin arxasınca doğan günəş kimi parıldadı şəmşir. İşləməli dəstək sağ əlinə qın kimi oturdu. Sevindi, lakin ürkə-ürkə sevindi. Gözləri anasının gözlərini axtardı. Səkkizguşəli ulduz bəzəkli şəbəkə arxasından tapdı gözləri. Məclisə, Heydər Mirzənin tərafdarı, Zal bəy gürcünün qızı Xənpərvər bəyimlə qulaq verən anasının məsləhətini yadına saldı: “Pul kələkbazdır. Səsinə aldadıb , sükunəti səbatsızlıq qədər arxasınca süründürəcək cingiltisi var. Aç xəzinənin möhür qapısını, istiqbalını satın al. İndi sənə ən məhrəm dost ixtiyarında olan xəzinədir.”

– Açın xəzinənin qapılarını. Bu sübhün səxavətini hər kəs görsün. Hərəmi qoruyan dörd yüz qorçu birdəfəlik illik xərcini alsın. Atam, Şah Təhmasibin məlum səbəblərdən vermədiyi ondördillik xərcliklər də artıqlaması ilə verilsin. Xalatlar dəstləşsin. Hamı bu günün bol hədiyyəsini yaddaşlara həkk eləsin. Cülusuma şahid, cülusumdan məmnun olacaq bir kəs narazı qalmasın!

Xəzinədarın topa saqqalı əsdi, söyülmüş adamlar kimi bədəni əmrə asi düşdü, yerində qurcuxdu:

-Həzrət, bu xəzinə bütün məmləkətin illərdi toplandığı varidatıdır. Bir gündə bu miqdarda xərc…

-Sən şah Heydərin əmrinə qarşı gəlirsən?- deyə Toxmaq xan, Heydərin qığılcım düşmüş kimi parıldayan nəzərindən cəsarətlənib bozardı. Yağlı tikədən bu cür səxavətlə pay almağa öyrəşməyən digərləri şirnikmiş halda xəzinədarı hədəf almışdılar. Heydər Mirzə:

– Bu nə cürət? İcraya bax, xəzinədar, işinizin başına keçib haqq-hesab edin.-amiranə səsləndi.

-Əmrə itaətkarıq, həzrət!-xəzinədar daha bir söz deməyib təslim halda əmlak nəzarətçisi ilə baxışdı. Bundan sonra Heydər Mirzə digərlərə də göstərişlər verdi, sayılı nümayəndələrin tərk etdiyi qəbul otağına anası, atasının gürcü qadınları daxil oldu.

 

***

Cəftələrin səsinə dik qalxan Pərixan gecədən canına oturmuş qorxunun girdabında, əsir kimi arxasında bağlı qaldığı qapıya baxdı. Açılan qapının arasında dayanmış anası Sultan Ağa xanımın dərdli, yorğun halından hadisələri təxmin edib yüyürdü. Qucaqlaşıb hönkürdülər:

-Hökmdarımız haqqın dərgahına yol aldı, cənnətə vardı.

-Məni bu otağa həbs edərək qəlbimi qüssəxana etdilər, atamın mübarək əllərini dodaqlarımda son kəs hiss edib, onunla vidalaşmağa mane oldular. Bunu onlara bağışlarammı?

-Sus, sus, lal ol, divarlar dinləyir. Sən indi üsyankar olsan, tək özünü yox, qardaşın şahzadə Süleymanın halını da pərişan edərsən. Köksümə övlad dağı çəkmə, qızım. Ölümlər vəd verən savaş yolundan kənarda dur, Pərixan. Söz ver, itaət et taxta çıxmış qardaşın Şah Heydərə.

-Nə?

-Hə, Pərixan. Hökmdarın vəsiyyəti üzərinə icra olunmuşdur.

“Şahmı? İki daşın arasında, tacmı qoymuş? Atası nə vaxt vəsiyyətnamə verib, nə vaxt taxt-tac varisi etmişdi ki, onu? Yoox, yox, gerçək ola bilməz. Necə olur ki, cahan hökmdarı rəşadətiylə rumluları pərən salmış, adı qorçuların qollarında qüvvəyə, dilində zikrə çevrilmiş varisliyə layiq İsmayılı yox, daim Çəhəlsütün divarları arasında şahın mərhəmətində kölgələnmiş Heydəri seçsin? Düzdür, Heydər də sarayda , dövlətxana işlərində müstəqil olaraq düzgün qərarlar verməklə hörmət qazanmışdı. Amma…” Pərixan qulaqlarına inanmaq istəməsə də iti zəkasından keçənləri gizləyib tez də razılığını bildirdi. Anasının çiyni üzərindən qapıda dayanmış şahzədə mülazimlərinə baxdı.-Gedək-dedi.

Heydər Mirzə yaxınlarının və anasının çevrəsində ayaqda dayanmışdı. Pərixan içəri girən kimi göz yaşları ilə Heydəri qucaqlayıb, atasının ölümü kədəriylə bir-neçə təskinedici söz söylədi, ağladı. Arxasınca da gözlərini silib sevinc nəfəsli sözlərlə:

-Rəbbimiz taxtını uca etsin, qardaşım. Rəbbim şahid olsun sənə müxalif olan qanıqara kəslərin yanında yer almadan, istiqbalın yolunda fəxrlə dayanacam.-dedi.

Bundan sonra çöküb onun ayaqlarını öpdü və Heydər Mirzənin anasına çevrilib: -Gör, və şahid ol, bəyim. Mən şah Heydərin ayaqlarını öpməkdə heç tərəddüd etmədən, hər kəsdən çox cülusuna şad olacağam.-deyib aşağıdan yuxarıya doğru onu gözünü qırpmadan izləyən qardaşına baxdı,-zərrəcən qəlbində mənə şübhən varsa, bu şübhəni yaratdığım üçün bağışla, şahım.-yalvardı.

Heydər, dizlərinə qapanmış, bənövşəyi ipək libası içində qəfil sazaqdan əsən yaz çiçəyini xatırladan bacısına baxırdı.

“İnansınmı, hər zaman qardaşları kimi Pərixanın da nifrətini hiss etmişdi. Şahın onu öz nəvvabı seçib, gözündən qoymayıb, ona güvəndiyi gündən izləyirdi bu nifrət onu, kölgə kimi. Lakin bilmirdilər , ataları Təhmasibin bu böyük dövləti gənclərin çiynində daha da möhkəmləndirib, gənc nəvvablar yetişdirməklə özündən sonra qalanları yüksəldə bilmə istəyini”.

-And iç! İnandır ki, dediklərin boş bir mübaliğə deyil, ürəyinin səmimi kəlmələridir!

Pəricə sınaq qarşısında vurnuxan insanlar kimi duruxdu, belə ani tələbi gözləmədiyindən gözlərindəki işartı söndü. Lakin, yeni bir fəndlə çarəsiz kəslər kimi məzlum görünüş aldı:

-Sən bu sözlərlə könlümün fərəhinə necə xəncər sapladığını bilsən, əziz qardaşım. Lakin, sən əmin ol, qoy boynumda məni öz müqəddəsliyinə sevgiylə əsir etmiş, ruhumu yüngüllətmiş kitab şahid olsun, dediklərim gün işığı kimi aydın, istisi kimi səmimidir.

Heydər  uzun qızıl boyunbağının ucunda yaşıl işləməli parçaya bükülü, dualar yazilmiş kiçik kitabcığı ovcunda sıxaraq and içən bacısının gözlərinin dərinliklərinə baxdı. Yaş süzülən bu gözlər öz sədaqətini isbat etmək istəyən insanın təlaşı ilə yalvarırdı. Ürəyinin bir-neçə gündür keçirdiyi qorxu, ümidsizlik, etimadsızlıq üzündən qatılaşmış hissləri əridi, yumşaldı. Qollarını aşağıya uzadıb ayaqlarının dibinə çökmüş bacısının çiyinlərindən yapışdı:

-Qalx! Mən qardaş və bacılarının qanına səbəbsizcə susayacaq qədər mərhəmətsiz deyiləm. Qalx, dayın Şamxal və onun himayəsində olan qardaşımız Süleymanın müxalifliyini aradan qaldırıb birlik olmamıza yardım üçün ağlından keçənləri bölüş, çözüm axtaraq. Mən xanədanın əmin-amanda qalması üçün əlimdən gələni əsirgəmərəm. Yetər ki, onlar da bunu istəyə.

Pərixan qulaqlarına inanmamış kimi duruxdu, ardınca da gizli sevincini yenib itaətkarcasına:

-Söz verirəm hökmdarıma ki, bu müxalifliyin qarşısını alıb, dayım Şamxalın dəstəyini sizin üçün qazanacağam. Bilirsən, Şamxal məni sevər, inanar. İzn ver elə indi öz dairəmə , oradan da Şamxalın görüşünə gedim.-söylədi.

-İzndir. Amma, məbada, o xain ruhlu Şamxalın əsl niyyətindən məni xəbərsiz tutub, gözümü bağlamağa çalışasan!

-Ürəyini fərəh tut hökmdarım. Mən sədaqətindən dönməyəcək bir qulunam.

Pərixan yel kimi qapıdan çıxıb dar, alaqaranlıq dəhlizi keçdi. Yarımdairə daş pillələri sürətlə aşağı enib meydan yoluna aparan gizli qapılar önündə qoynunda gizlədiyi açarı kənizinə ötürdü. Kəniz həyəcanla arxaya boylanıb, bir irəli baxdı. Açar buruldu, cəftə şaqqıldadı.  Başının örpəyini burnunun üstünəcən çəkən Pərixan qapıdan çıxdı.

 

***

Sultanzadə bəyimin gətirdiyi xəbərlər dənizləri uçurdan fırtına kimi hissləri qarışdırırdı. Qorçular baş verənlərdən xəbərdar olub asi düşmüşdülər. Hal-qəziyyə elə gətirmişdi ki, böyük hökmdarın cənnətə qovuşduğu gecədən saray mühafizəsində şahzadə İsmayıl Mirzənin tərafdarları olan əfşarlar, qacarlar, rumlular idi. Dinləyib, qəbullanmaq istəməyən Heydər Mirzə acizcəsinə şübhədən ümid diləndi. Sultanzadə isə əhvalatı təfsilatı ilə danışıb nitqinə yekun vurdu:

-Zira, mən yalan-yanlış həvadislə hüzurunuzda durmaram.

İşlərin belə düyün düşəcəyini xəyal etməyən Heydər, tərəfdarlarının gəlişi ilə məscidə müşaiyət olunacağı, cülus edib xütbə oxutduracağı günü gözləməyi sadəlövhlük sandı. Zəkası tədbir harayı ilə bir-neçə anda min fikrə düşdü. Qısa səssizlikdən sonra dilləndi:

– Yüzbaşı Vəli bəy Əfşar. Yalnız onun əmrindən çıxmaq hüququnda deyillər.

– Ya Vəli bəy də razı gəlməzsə,oğlum?

-Kirman!

-Nə Kirman?

-Atamın sağlığındaykən bu abad vilayətə hakim olmaq arzusuyla qovrulan Vəli bəy ümidimizi doğruldar.

Bir qədər sonra qəbul otağına təşrif edən Vəli bəyə diqqət kəslildi Heydər, sonra birbaşa mətləbə keçdi:

-Vəli bəy, Kirman sənin adına, qorçubaşılıq şərəfinə layiq. Tərəfimizdə dayan ki, mənsəb sahibi olasan.

Vəli bəy Əfşar tərəddüd dolu sınayıcı baxışlarla baxdı:

-Buyruğunuz nədir?

-Dövlətxananın darvazaları tərəfdarlarımın üzünə açıq tutulsun!

-Şah,qorçular vicdansız div kimi əlləri qan daman qılıncın qınında . Hər sözə lal-kar, itaət göstərməməkdədirlər. Əmr edin kəlləmi alsınlar, lakin çarə qılmaqda acizəm.

Bu gümanını da yandırdığını görən Heydər qəzəbə yenilib iti addımlarla otaqdan çıxdı. Dəhlizi keçib eyvana gəldi. Dövlətxananın divarı böyu keşikdə duran qorçulara nəzər saldı. Pəhləvan kimi dayanmış qapıçılara, hündür möhkəm qapılara baxıb nə düşündüşə geriyə döndü, saraydan çıxıb baş darvazaya aparan yola yeridi. Onu müşaiət edən mülazimlərin,  yaxın adamların dövrəsində əmr etdi:

-Açın darvazaları!

Hədəfində olduğu baxışların qəzəbindən başqa bir qarşılıq və hərəkət görmədi:

-Sizin həddinizəmi əmri icra etməmək? Siz kimə xidmət edirsiniz?

Qorçular:

-Biz dövlətin istiqbalı üçün keşikdəyik. Bizə məlum olmayan səbəblər üzündən gözlənilməzliklərə təslim olmayacağıq. Bir kəs saraydan kənara, ya içəri addım atmayacaq. Saray xaricində işlər qarışıq, tərəflər razılığa gəlməzsə biz də qapıları açmağa yaxın düşmərik.

Heydər qılıncını sıyırdı. Qorçular əllərini silahlarına aparıb müdafiə duruşu aldılar. Mülazimlər tərəfindən dövrəyə alınan şahzadə bir şeyə nail olmayacağını görüb Sədrəddin xan Şeyxavəndi eşitdi:

-Saraya dönün , bu murdarlar qışın səfalətini çəkən canavarlar kimi saldırğandırlar.

Bu qədərini düşünməmişdi. Pərixandan da bir səs yoxdu. Gediş o gedişdi. Gör nə zaman gəlmişdi ki, dinin sütünu olan , ibadətində nöqsan etməyən şah Təhmasibin qızı Pərixan Qurana əl basaraq yalan vədə bulaşmışdı. Kaş anasını dinləməsəydi, tələsməsəydi. Hüseyn bəy Yüzbaşının, Şahzadə İbrahimin gəlişini gözləsəydi. İndi bu mərhəmətsiz kəslər içində dustaq. Belə şahmı olar? Nə bəla idi çəkib gətirmişdi qismətinə? Yeyirdi içi içini: “Ey tamah, keşiyində dayandığın zillət qapısını nə tez açdın üzümə? Barı, cülus atəşiylə qovrulan qəlbimi kama yetirsəydin, kandarında dayandığım ümidi fəlakət külü kimi başıma ələməsəydin. Ey Allahım, bu məzlum, tövbəkar quluna rəhman nəzərlərini çevir, əfv et. Gənc, şirin arzularla tutuşan ömrümü zülmün qırmancına çevrilmiş asilərdən qoru.”

-Sədrəddin xan, bu tac nəyə yarar?

-Şah Heydər, tac geyinmək hökmranlığı hələ tam qazanmaq deyildirsə onun yarısını etməkdir. İndi sadəcə səbir etmək qalır.

-Səbirmi? Sədrəddin xan, siz artıq mənim lələm, mən isə beş-on yaşlı uşaq deyiləm. Gün kimi bəlli, biz sonu olmayan yolsuz başlanğıc etdik.

-Başlanğıc varsa sonu mütləqdir, şah.

-Ya başlandığı yerdə də sonsa?

-Əstağfrullah, şah, bədbinlik körpü salmaz. Bir yola çıxdıq, yol almaq inama bağlanar. İnamı itirdinsə yolu da itirdin. Rəbbim insanı kamil yaratdı ki, çıxılmazlıqlardan möcüzə hasil eləsin.

-Möcüzə?-şahzadə lələsinin gözlərində ani işaran ümidsizliyə qapılıb az əvvəl qorçularla üzləşdiyi səhnəni, onların baxışlarını xatırladı. Bu məğlubiyyət tənəsini sındığı baxışlardan çalıb başına çaxmaq istədi.- xan, mən heç uşaqkən möcüzələrə inanmadım, indi bu nə nağıllardır? Sən də bilirsən ki, bu sondur! Rüsvayçı son!-qəfil xəncərini çəkib boğazına dirədi. İlk əvvəl özünün hədəf alındığını zənn edən xan geri səntirlədi. Pərdə arxasında onları dinləyən bəyim fəryadla irəli atıldı:

-Oğluum! -taqətsiz halda tiyəsindən dartdığı xəncəri döşəməyə saldı, hönkürdü.

Dərin qüssədən sarsılmış Heydər barmaqları arasından qan süzülən qadının titrəyən bədənini qucaqladı. Rəngi avazımış Sədrəddin xan qapıdakılara əmr etdi:

-Həkim çağırın!

 

***

Dəqiqələrdi səbəbsizcə vurnuxduğu bağda durdu, irəliyə zilləndi. Yaxınında dayandığı sarayı son kəs görürmüş kimi seyr etdi. Cəhəlsütun bu gün bət-bənizi atmış xatun kimi çarəsiz, bəzəklərindən bihudə dayanmışdı. Sidr ağaclarından yonulmuş sütunlar tavana yorğun dayaq gəlib, hüzünlü görkəm sərgiləyirdi. Atasının eyvan divarlarına öz əllərilə çəkdiyi mübaliğəsiz təsvirlərin rənglərində ilişdi. Həmişə gözlərində hərəkətlənən doğma nəqşlər indi sükunətin ayrılmaz parçası olmuşdu. Bu səfər ayının 15-ci günü qara gəlmiş baxtına gün də solğun parıldayırdı. Günəşi dövrələmiş buludların kölgəsi həyətin böyük hissəsinə yayxanmışdı. Üşürgələndi. Pırıltı səsinin istiqamətində ağir-ağır başını qaldırdı . Cəhəlsütunun firəng papağını xatırladan damına qonmuş göyərçinlər damın maili boyu sanki qəsdən sürüşür, təzədən zəif qanad çalaraq yuxarıya doğru dırmaşırdılar. Ağzının küncləri qaçan şahzadənin üzündə ani acılı gülüş əks olundu. Axır vaxtlara dəng taleyini bu sürüşüb-dırmanmada tapdı, müqayisə etdi. Atasının ilk dəfə ölümcül yatağa düşməsini fürsət görüb taxtı marıtlamağını, arxasınca sağalan şahın məzəmmətli baxışları altında geri çəkilməyini, şahın ölümüylə yenidən taxta cəhdi və… Birdən dərk elədi, bu günün uğursuzluğuna özünün aylar əvvəl imza atdığını. “Ey fani dünya, gör nə cövlanla insanı öz kəməndinə tuş edirsənmiş? “ Uçdular… Düşündü : “Kaş o da bir cüt qanada çevrilib həbsxanasına dönən saraydan uzaqlaşsa, göylərin azadlığında şəfa tapıb , baş verə biləcək rüsvayçılıqdan əbədi daldansa.” Təngə gəlmişdi bu bir günün bir il kimi onu tarpalamasından.

***

Qərargahında başını itirmiş Hüseyn bəy  İsmayıl Mirzənin qızğın tərəfdarı Xülafənin üzərinə hücumu dayandırıb ikindiyəcən gözlədi. Nəhayət, göndərdiyi çaparlar döndü:

-Xan, düşmənin fəndinə yenilib zamanı buraxdıq. Nə İsmayıl Mirzə var, nə Qəhqəhədən dürüst həvadis.

-Vah, qaraguruh Xulafə, bu kələklə tədbirini qazandı demək. Başqa nə var?

-Saraya yolçuluq vardır, xan. Şamxal sultan qabağa düşüb. Rəvayətdir ki, məqamı uca, yeri cənnət şahın qızı Pərixan xanım Şamxal sultanın əlini Meydan yolunun açarları ilə gücləndirmişdir.

Qeyzlənmiş Hüseyn bəyin ürəyi təbil kimi vurdu, ağlı çözüm axtardı. Üzünü özünü gərgin anların axınına buraxanlara tutdu:

-Ey Eyçəkoğlu, bu sabah səni eşidib dövlətxanaya hücumdan daşındıq, İsmayıl Mirzənin ayaqlanıb yürüməsi yalanıyla Xülafənin duzağına gəldik. Baxın, indi onlar şah Heydərə yaxın, zalım yürüyüşdə. Nə tədbir görək? Bu yubanmanın ardından daha bir gözləmə hansı haqqa sığar, ey Əlixan Gürcü, ey şahzadə İbrahim Mirzə? Qılıncın qından çıxan zamanı gəldi də, keçir. Qürubacan saraya yetişməmiz şərt, şah Heydəri azad edib cülusa çıxarmaq əhd oldu. Varmısız?

– Gözləmə mövqeyində dayanmış Məhəmmədqulu Xəlifə də, Qulu bəy Əfşar da Xülafənin dəstəsinə qoşuldu. Hüseyn bəy, sıralarımız sayılı, işin sonu xoş vəddən uzaq. Dövlətxanaya silahlı basqın isə sufilik əxlaqına tərs gəlir. Mən və dəstəm bu bəd ayaqlanmadan kənara çəkilirik!

-Hüseyn bəy Yüzbaşı, Allahqulu xanın söylədiklərinə qatılıram. Əmim, böyük hökmdarın cənazəsi yerdəykən, ona hörmətdən kənar taxt qovğasını başlatmaq bədxah əməl və sonluğa işarədir. Mən də yoxam!-İbrahim Mirzə sözünü bitirib Hüseyn bəyin iti baxışlarından nəzərlərini yayındırdı.

-Varam!

-Varam!

-Varam!

Əlləri qurşağında dayanan Əlixan bəy Gürcü, Zal bəy Gürcü, Məsum xan Səfəvi yerbəyerdən Hüseyn bəy Yüzbaşıya dəstək çıxdılar.

-Yaraqlanın, ağalar! -Hüseyn bəy Allahqulu xan Eyçəkoğlu və şəhzadəyə narazı baxış atıb, qətiyyətlə qalxdı.

***

Dövlətxana yolları İsmayıl Mirzə tərəfdarlarından meşə kimi keçilməz, fələk oxlarının nişangahı kimi yürülməz olmuşdu. Tərəflər arasında qaçılması mümkünsüz toqquşma elə vəziyyət almışdı ki, dəstə yolu dəyişməyi tək çarə bildi. Amma bu çarə də günəşin işığından kam alıb yolu aydınlatmadı. Qulu bəyin evinin ətrafında yaxalandılar. Divarlar üzərindən ox yağdırıldı, atəş açıldı. Cavab atəşlərini yavru aslanların ilk uğursuz ovu kimi bəlləyən Hüseyn bəy fəndə sığındı:

-Ağalar, niyyətimiz aydın, alnımız açıqdır. Saraya keşik növbəmizi almağa getdiyimiz vaxt bu nə təzyiq? Nə biz karvanıq, nə siz quldur.

-Hüseyn yüzbaşı, aldığımız xəbərlər xoş deyil. Hardan bilək niyyətiniz safdır, keşik üçün getdiyinizi?

-Əgər niyyətimiz açıq olmasaydı, sizi aldatmaq istəsəydik niyə saraya aparan gizli yollardan keçməyib də, qorumanızda olan baş yoldan birinə çıxaq? Digər yollar mühafizənizdən uzaq, gözdən iraq bizi hədəfə daha asan yetirməzdimi? Hərgah, bilsəydik yağı kimi qarşılanacağımızı, səbəbsiz itki verəcəyimizi elə o yollara üz tutardıq.

Hüseyn Yüzbaşının nitqi o qədər inandırıcı gəldi ki, ox-yayları, tüfəngləri hədəfdə dayanmış dəstənin rəisi əlini havaya qaldırıb silahları endirmək tapşırığı verdi. “Bunu da adladıq” düşünən heydərçilər bütün güclərini qırğı sürətinə çevirdi. Axır ki, budur, öz əzəmətini bəsirətsiz günün çaxnaşmasında belə qoruyan dövlətxana. Hüseyn bəy qılınc tutduğu sağ qolunu havada yarımdairə cızıb “irəliyə” əmri verdi. Cihad çağırışından qüdrətlənmiş Məhəmməd ruhuyla irəli atıldılar. Ümidləndilər ki tiyəsindən yapışdıqları haqqdır deyə darvazalar şeytanın buynuzu kimi sınacaq. Fəqət zərbə alanda idrak etdilər ,qulpundan  yapışdıqları iş təxminlərindən daha müşkülmüş. Alınması imkansız  Pəncə-Əli darvazasını zülfüqar bölsəydi, bəlkə, səadət doğardı üzlərinə. Özlərinə təskinlik verib Dərbi-Əla darvazasını hədəf aldılar. Hədəfləri ox və atəş altında puç olan heydərçilər tutqun buludları lənət qanadları kimi üstlərinə gərilmiş göyə yönəldilər. Bir zikrlə “Allahu Əkbər” çağırdılar. Bu vaxt Qaradağlılar darvazasını sındırma əmri verən Hüseyn bəyə Şamxal ilə Xülafənin hərəmxana həyətinə girdikləri xəbəri yetişdi. “Hərəmxana dairəsinə hücum hansı müsəlman və sufi inancına sığar, ay Allah?” -fəryad edən Hüseyn bəy olacaqların fərqinə varıb sındırılmış qapıdan yüyürdü. Heydərçilərin “Şah Heydər” bağırtısı bir ümid çağırışı kimi ucaldı. Qızılbaşların qılıncı xanədana sədaqətlərini doğramaqda, Xülafə və Şamxalın hikkəsi Heydəri acımasızca axtarmaqdaykən hərəm dairəsini səngər bəlləyən, balaca qızını sinəsinə sıxan Heydər ona yalvaran qadınlara acı-acı güldü:

– Nə deyirsiz, qadın, taxtı ala bilməyən şahzadə arvad qılığına girib dəyərsiz canınımı fikirləşsin? Budurmu rəva bildiyiniz? Yox, yox, ana! Qadın tumanından umacağım mədəd hər iki cahanda burnumdan gəlsin , bu rəzalətə daldanmayacam!

-Yetər, övladım, yetər! Sən sinəmdə açılacaq yaranı məcburiyyətin doğurduğu çıxışdan kiçikmi görürsən? Oğul, son güvənim, dünya səadətim, sağlığından bu bədbəxt ananı məhrum edib , ruhunu vucudu  at  quyruğunda didiklənmiş qultək cəzalandırma. Geyin bu çadranı, geyin…-ovcunda sıxdığı paltarı üzünə basan bəyim hiçqırdı. Heydər qüssədən key-key döyükən baxışlarını anasına, sonra üzünü ayaqlarına sürtüb ağlayan gənc hərəminə dikdi. Qızının ipək saçlarını öpüb onu kənizə uzatdı, qalxdı. Onun qalxmasıyla bayaqdan bəri xalça üzərinə çökmüş qadınlar da qalxdı. Uzaqdan “Şah Heydər” çağırışları ilə yaxından “bu yana, bu yana” çığırtıları çuğlaşıb tükürpərdici vahimə doğurdu. Hər kəs təlaş içində bir-birinə, Heydər isə ixtiyarsızca anasına qısıldı. Qadın fürsəti buraxmayıb tünd çadranı onun başından aşağı salmağa macal tapdı. Dəhlizdə süpürləşməni xatırladan səslər aydınlaşdı, təpiklə taybatay açılan qapılar arasında zalım üzlər göründü:

-Hanı, o? –Əli bəy Şamlı alıcı nəzərlə bir-birinə qısılıb donmuş qadınları süzdü. Birdən istehzalı təbəssüm edib çiyni üzərindən harasa səsləndi.- heey, qızılbaşlar, sizin axtardığınız qaçaq burada. Hahaha, görməlisiniz, xatun qılığında taxt-tac varisi!

-Suus, suss, məlun, xanədanə nə cürətlə asi düşərsiniz, nə həddlə kafir kimi hərəmə soxularsınız?-Xanpərvər bəyim irəli yerisə də Heydər Mirzə anasının qarmaq kimi atılmış qollarından sivişib onu önlədi, Əli bəyin yaxasına cumdu:

-Sən nə karəsən, ey izzətsiz…

Özlərini yetirmiş Xülafə bəy və Şamxal sultanın Heydərin boğazında kilidlənən  kötük barmaqları onu bayıra sürüklədi. Qorçular çığırtı salan qadınları içəri itələdilər. Fəryadla mərhəmət uman qadınların uzalı əlləri, suda batan insanın son çabası kimi üzlərinə bağlanan qapı arxasında ğörünməz oldu. Dəhlizdə qüvvətli qollar arasında nəticəsiz müqavimət göstərən şahzədənin kürəyi zərblə yerə dəydi. Çabalamaması üçün Şamxal qurbanın ayaqlarını dizləri altında sıxdı. Tanrının onun xilası üçün bir qoç yollaya biləcəyindən qorxub tələsdi. Xəncəri ard-arda iki zərbəylə Heydərin sinəsinə sancdı. Şahzadənin bayaqdan bəri nifrət püskürən baxışları dodaqları arasından qopan iniltiylə böyüyüb, yavaş-yavaş sozaldı. Xülafənin havadan asılan baltası rüsvayçı zəfər kimi endi. Onsuz da süstləşmiş bədən son imdadla çirpındı. Xırıldıyan nəfəs bitmədən xanədan qanı su şırnağı kimi daş döşəməyə axdı. Ürəyi soyumayan cəlladlar “Şah Heydər” çağırışını  qarşılamaq üçün qəhvəyi saçından qarmaladıqları qanlı başı eyvana götürdülər. Yüxarıdan qılınclarını hədəylə yelləyən Hüseyn bəy Yüzbaşıya, Əlixan bəy Gürcüyə rişxənd edib, başı onların ayaqları altına tolazladılar:

-Bu da Şah Heydər! Alın, sübh gözünə cülusa çıxararsız!

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password