Çavuşoğlu Londonda səfirliyə hücumu qınayıb, Türkiyənin Azərbaycana dəstəyini ifadə edib
4 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib.
Nazir Ceyhun Bayramov bu vandallıq aktı barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.
Türkiyə xarici işlər naziri bu hücumu tamamilə qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu və hər zaman dəstək göstərməyə hazırlığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinə göstərdiyi diqqətə və təklif olunan dəstəyə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.