Niyə dünya Pekindən ehtiyat edir? – Ekspert
Çin Honqkonqu geri almaq üçün 99 il gözlədi, 1842-ci ildə Britaniya Nankin müqavilədinə görə bölgəni işğal edib öz koloniyası elan etdi, amma 1899-cu ildə imzalanan, 1911-ci ildə isə təsdiqlənən müqavilələrə görə Britaniya Honqkonqu 99 il sonra müəyyən şərtlər çərçivəsində Çinə qaytaracağını təsdiqlədi. 1997-ci ildə Honqkonq Çinə geri qaytarıldı.
Bu sözləri ekspert Natiq Cəfərli Çin və ABŞ arasında Tayvan gərginliyi ilə bağlı qeyd edib.
O bildirib ki, Çinin dünyaya baxışı fərqlidir, döyüşçü deyillər, ticarətçidirlər, “əgər düşməninin ölüsünü görmək istəyirsənsə, çayın kənarında otur gözlə, bir gün düşmənin meyitini çay sənin qarşından axıdacaq” deyə bir düşüncəyə malik toplumdur:
“Əgər iki pələng döyüşürsə, ağıllı meymun ağaca çıxıb bu döyüşün sonu gözləyir” fikrini siyasi doktrinaya çevirən Çin ilk güllə atmaz, döyüşə daxil olmaz. Ona görə də “Çin təyyarəni vuracaq, Tayvana qoşun yeridəcək” fikirlərinin əvvəldən əsası yox idi. Yəni Çin Rusiya kimi emosional və axmaq deyil ki, özü gedib quyuya və ya əvvəlcədən hazırnanan bataqlığa düşsün. Çinin dünyaya diktə edə biləcəyi ideoloji doktrinası da yoxdur, buna iddia da etmir”.
Ekspert qeyd edib ki, buna baxmayaraq, Çin təhlükəsi var:
“Çinin ən böyük təhlükəsi odur ki, avtoritar rejimin də uğurlu, güclü model qura biləcəyini sübut edir, bu isə dünyada demokratik sistemlərin uğur hekayəsini şübhə altına qoyur. Çin modelinə qədər heç kimdə şübhə yox idi ki, rifahın yolu liberal iqtisadiyyat və demokratiyadır, Pekinin son 30 ildə keçdiyi yol bu haqda müzakirələri qızışdırdı. Qərbin son illər liberal bazardan/iqtisadiyyatdan uzaqlaşması da bu diskursu artırdı – ABŞ və AB son illər iqtisadiyyata o qədər “sol” müdaxilələr etdilər ki, Qərbin tarixi üstünlüyünü şübhə altına qoydular, liberal iqtisadi modeldən kənarlaşdılar.
Məhz buna görə dünyada avtoritar liderlərin və ölkələrin, o cümlədən Rusiya və Çinin ayağı yer aldı, daha aqressiv davranmağa başladılar – sadəcə, Rusiya daha emosional və ağılsız, Çin isə çox soyuqqanlı və ağıllıdır. Qərbin bu iki “bədheybəti” yerinə otuzdurması ancaq öz əski, əsl liberal ayarlarına geri dönməsi ilə mümkün ola bilər – təhlükəsizlik adı altında azadlıqları azaltmaqla, liberal iqtisadiyyatdan əl çəkməklə bu iki bədheybətə qalib gəlmək olmaz, çünki hər iki avtoritar ölkənin ən zəif yeri, “Axilles dabanı” məhz liberal iqtisadiyyat və azadlıqların genişlənməsidir”./axar.az