Üç bölgədə müharibə gərginliyi – İran da “savaş çənbəri”ndədir
“Serbiya-Kosovo müharibəsi Rusiyanın maraqlarına cavab verir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert dünyanın geosiyasi gündəmində baş verən son gəlişmələri dəyərləndirib:
“Beynəlxalq aləmdə üç gərginlik ocağı yaranıb.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Çinin özününkü hesab etdiyi Tayvan adasına enərsə, Pekinlə Vaşinqton arasında qarşıdurma artacaq. ABŞ və Çinin döyüş təyyarələri və gəmiləri ada ətrafında bir-birlərinə qarşı “əzələ nümayişi” həyata keçirirlər.
İran-Əfqanıstan sərhədində də atışma baş verib. Tehran Taliban silahlılarının İran sərhədçilərinə atəş açdığını iddia edib. Tehranla Taliban keçmiş illərdə də yola getmirdi.
Nəhayət dondurulmuş Kosovo-Serbiya gərginliyi yenidən alovlanıb.
Buna baxmayaraq, sadalanan bölgələrdə genişmiqyaslı müharibələrin baş vermə ehtimalı yüksək deyil. Vaşinqton Pelosinin Tayvana getmək istəyindən çəkindirməyə yaxındır. Əlavə gərginlik nə Pekinin, nə də Vaşinqtonun maraqlarına cavab verir. Tehran İrana qarşı sərt sanskiyalar fonunda Talibanla açıq qarşıdurmadan çəkinəcək”.
Balkan bölgəsinə gəldikdə, Elxan Şahinoğlu bildirib ki, Avropa İttifaqı, NATO və ABŞ Kosovo ilə Serbiya arasında genişmiqyaslı müharibəyə imkan verməyəcək:
“Belə bir müharibə yalnız Rusiyanın maraqlarına cavab verir. Serbiyanın Rusiya ilə tarixi bağları olsa da, Belqradın əsas hədəfi Avropa İttifaqına üzvlükdür”.