Daşkənd Bəyannaməsi – regional əməkdaşlığın dərinləşdirilməsinə gedən yol
Azərbaycan, Türkiyə və Özbəkistan effektiv, fasiləsiz və maneəsiz yük daşımalarının zəruriliyini vurğulayır.
Bu barədə bu gün Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış Daşkənd Bəyannaməsində deyilir.
Bununla əlaqədar olaraq tərəflər nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsini, nəqliyyat, gömrük və sərhəd proseslərinin rəqəmsallaşdırılması və elektron sənəd dövriyyəsinin – eTIR, ePermit, həmçinin eCMR, eCIM və eCIM/SMGS alətlərinin, habelə BMT-nin Ticarət və elektron iş əməliyyatları prosedurlarının sadələşdirilməsi üzrə mərkəzinin multimodal daşımalar üçün qəbul etdiyi standartların lazımi səviyyədə tətbiqi hesabına əməliyyatların sadələşdirilməsini zəruri hesab edir.
Bundan başqa, ölkələrin ərazisindən keçən nəqliyyat marşrutlarının, o cümlədən “Orta dəhlizin” regional və çoxtərəfli forumlarda təşviqi üzrə regional əməkdaşlığın təşkili çərçivəsində ümumi mövqelərin formalaşdırılması üçün koordinasiyanı gücləndirmək lazımdır. Bakı-Tbilisi-Qars və s. xəttlərin dəmiryolu potensialından istifadə etməklə Çin-Avropa marşrutu üzrə dəniz limanlarından əlavə yüklərin cəlb edilməsi vacib əhəmiyyət kəsb edir.
Sənəddə Özbəkistanın Termez-Məzari-Şərif-Kabil-Peşəvər dəmiryolu xəttinin tikintisi ilə bağlı təşəbbüsünün, həmçinin Özbəkistan-Qırğız Respublikası-Çin dəmiryolunun tikintisinin zəruriliyi vurğulanır. Dəstəklənən layihələr sırasında – Cənubi Qafqazda kommunikasiya imkanlarını gücləndirməli olan Zəngəzur dəhlizinin açılması da var.
Bəyannamədə iqtisadiyyat, ticarət, investisiyalar və nəqliyyat sahəsində, o cümlədən bütün növ ticarət və tranzit əlaqələri üzrə əməkdaşlığın bütün poetensialığının həyata keçirilməsi üzrə birgə səylərin davam etdirilməsinə, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə bundan sonra investisiyaların təşviqinə hazırlığa, işgüzar dairələr, sənaye-ticarət palataları və digər strukturlar vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin saxlanmasına qətiyyət ifadə olunub.
Həmçinin, üç ölkə sənaye, proqram təminatı, informasiya-kommunikasiya texnologiyaları və rəqəmsal ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcək, energetika, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını öyrənəcək.
Bundan əlavə, tərəflər ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və qida sənayesi sahəsində əməkdaşlığa və sözügedən sahələrdə ümumi problemlərin həllinə xüsusi əhəmiyyət verir.
Tərəflər bir daha beynəlxalq tanınmış sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünə hörməti və tərəflərin suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradan fəaliyyətlərə qarşı bir-birinin səylərinə dəstəyi bir daha təsdiq edir.