Azərbaycan Gürcüstana başsağlığı verib
Xəbər verildiyi kimi iyulun 29-da Qudauridə sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfərin faciəli şəkildə həlak olması ilə əlaqədar iyulun 30-da Gürcüstanda matəm elan olunub.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.
Qərara əsasən, iyulun 30-da ölkə ərazisində dövlət bayraqları endiriləcək.
Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı İlya Darçiaşviliyə tviter hesabında ünvanladığı başsağlığında bildirib.
“Azərbaycan bu çətin zamanda Gürcüstanın yanındadır”.
XİN başçısı Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması barədə xəbərdən çox kədərləndiyini qeyd edib: “Biz həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk”.
Gürcüstanda Tetri Araqvi vadisində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Həlak olanların 4-ü ekipaj üzvü, digər 4-ü isə xilasedici və tibb işçiləridir.