Azərbaycanda bu dövlət qurumları birləşdirilir

 

“Vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edəcək”.

 

Bu sözləri bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı çərçivəsində “kommunal xidmətlərin vahid informasiya sistemi”nin yaradılması qərarını dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, yeni sistem işıq, su və qaz sərfiyyatı ilə bağlı məlumatları vahid bir mərkəzə yönəldəcək və burada vətəndaşın şəxsi kabineti formalaşacaq:

“Qərara əsasən bu sistem 2022-2023-cü ildə başa çatdırılmalıdır. Beləliklə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihə gerçəkləşmək üzrədir. Bu sistemin reallaşması bir sıra üstünlüklərə malik olacaq. Vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edəcək, hər ay üzrə sərfiyyatı izləyəcək və sayğacdakı məlumatları müqayisə edə biləcəklər. Sistem ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə billing sistemində sərfiyyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür. Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir. Onu da qeyd edim ki, bu sistemdə tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir. Xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür. Xidmətin verilməsində dayanma olarsa, dərhal məlumat ötürür, qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir”.

Osman Gündüz vurğulayıb ki, “Azəriqaz”, “Azərişıq” və “Azərsu” qurumlarını vahid elektron platformada birləşdirməyə cavabdeh olan ASAN və Energetika Nazirliyi qeyd olunan müddətdə layihəni başa çatdıra bilsələr, bu, effektiv nəticələrə tezliklə nail olmağa əsas verəcək:

“Ümid edirəm ki, formalaşan elektron platforma, məlumatların toplanması və emalı, billing sistemləri, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində də ictimai nəzarət imkanları yaradılacaq. Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub. Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir”./yenisabah.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password